Milyonları ayağa qaldıran “Müqəddəs müharibə”

 

 

1941-ci ildə faşist Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda Sovet İttifaqında yaşayan bütün xalqların ziyalıları - şairlər, yazıçılar, rəssamlar və musiqiçilər də böyük vətən uğrunda ayağa qalxdılar.

 

Vətənpərvərlik, düşmənə nifrət və mübarizə əzmi doğuran mahnılar, irihəcmli musiqi əsərləri yarandı. Dmitri Şostakoviçin məşhur “7-ci simfoniya”sı, Azərbaycanda Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operası, Üzeyir Hacıbəylinin mübarizə ruhlu mahnıları və digər bəstəkarlarımızın əsərləri Böyük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinin musiqi təcəssümü oldu.

 

Rus bəstəkarı Aleksandr Aleksandrovun nəğməkar şair Vasili Lebedev-Kumaçın sözlərinə yazdığı “Müqəddəs müharibə” mahnısı bu sırada ilk yerdə dayanır – o, müharibənin başlanmasından cəmi iki gün sonra ərsəyə gəlmişdi. Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri, elə bir çox gənclər də Böyük Vətən müharibəsinə həsr olunan veriliş və filmlərin əksəriyyətində bu mahnını eşidib. Səsləndiyi ilk gündən bu mahnı vətənin müdafiəsinə səsləyən himnə çevrildi.

 

Vasili Lebedev-Kumaçın şeiri iyunun 24-də “Krasnaya zvezda” qəzetində dərc olunmuşdu. Elə həmin gün bəstəkar Aleksandr Aleksandrov şeirə musiqi yazır. 26 iyun 1941-ci ildə Moskvanın Belarus vağzalında ilk dəfə “Müqəddəs müharibə” mahnısı səslənir. Aleksandrovun ansamblı bu əsəri cəbhəyə gedən əsgərləri yolasalma mərasimində ifa edirdi. Tezliklə o hər yerdə, xəstəxanalarda və partizan dəstələrində eşidilməyə başladı. “Müqəddəs müharibə” xalqı düşmənlə mübarizəyə qaldıran güclü bir təbliğat silahına çevrildi. O, bir mahnıdan daha çox dua kimi səslənirdi. Hər səhəri döyüşlə açılan böyük ölkənin duasına. SSRİ Xalq artisti, mahnının vaxtilə ifaçılarından olan İosif Kobzon deyirdi ki, uşaqlar bu mahnını bir ölkənin, xalqın qəzəbinin nümunəsi kimi ifa edirdilər.

 

Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Tatyana Goryayeva öz xatirələrində yazır ki, arxivin sənədlərində bu şeirin bir gecəyə yazıldığı ilə bağlı məlumatlar yer alır. Redaksiyadan şairə zəng vuraraq deyirlər ki, sabaha bu mövzuda şeir lazımdır. Beləliklə, səhər qəzetdə bu mətn dərc edilir. A.Aleksandrov adına Rusiya Ordusunun Mahnı və Rəqs Ansamblı Muzeyinin direktoru, bəstəkarın nəvəsi Yevgeni Aleksandrov babasının mətni görər-görməz ona musiqi bəstələdiyini deyir. Bəstəkar ertəsi gün ansamblı toplayır, lövhədə notları yazır və artıq növbəti gün Belarus vağzalında hərbi eşelonda əsgərlər bu mahnı ilə yola salınırdılar. Bir müddət sonra mahnı qramplastinkaya da yazılır. Amma senzura bu mahnıdan da yan keçmir. Müəyyən qadağalar da olur.

 

Lakin müqəddəs müharibəyə bu mahnı ilə gedənlər bu müqəddəsliyi əbədiyyətə çevirə bildilər. Mahnının hər bir notu ürəklərdə xalqların əbədi xatirəsi kimi döyünür. Bütün dünyanın birləşib qalib gəldiyi bir əbədi xatirə kimi. 2005-ci ilin may ayında isə Moskvanın Belarus vağzalının binasına bu mahnının yaranma tarixçəsini əks etdirən xatirə lövhəsi vurulur.

 

Mahnı bu günə kimi müxtəlif – polyak, macar dillərinə, hətta almancaya tərcümə olunaraq ifa edilib. Şair Lebedev-Kumaçın sözlərinə sonralar bir çox populyar (o cümlədən filmlərdə səslənən) mahnılar yazılıb. Mahnının bəstəkarı, SSRİ Xalq artisti Aleksandr Aleksandrov isə həm də keçmiş SSRİ və hazırkı Rusiya Federasiyasının himninin musiqi müəllifi olub.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 8 may.- S.6.