Musiqidə əbədiləşən dahi

 

Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev bütün həyatını xalqımızın hərtərəfli inkişafına həsr edərək milli mədəni irsin zənginləşməsində, mənəvi dəyərlərimizin qorunub yaşadılmasında da tarixi xidmətlər göstərmişdir.

 

Onun yüksək dövlət vəzifələrində fəaliyyəti musiqi mədəniyyəti ilə də sıx bağlı olmuşdur. Milli musiqi irsimizin qorunub saxlanması, inkişafı və dünya müstəvisinə inteqrasiyası, müasir dünyada tanınması zəminində göstərdiyi qayğı xalqımızın mədəniyyətinə əvəzsiz tarixi töhfələr bəxş etmişdir.

 

Heydər Əliyevin xidmətləri və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti, sözün əsl mənasında, yüksəliş dövrü keçmişdir. Ulu öndərin uzaqgörən siyasəti, dövlətin mədəni irsə yüksək qayğısı və diqqəti bu günPrezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir.

 

Dahi şəxsiyyət Heydər Əliyev hər zaman öz çıxışlarında gənc və orta nəsil bəstəkarların yaradıcılıq fəaliyyətinə xüsusi diqqət yetirməyi vacib sayırdı. Ulu öndər həmişə bəstəkarlarımıza öz yaradıcılıqlarında milli köklərə bağlı olmağı, milli xüsusiyyətlərin dünya musiqisi ilə vəhdəti məsələsinə xüsusi diqqət yetirməyi tövsiyə edirdi. O deyirdi: Bəstəkarlarımız folklormüasir musiqini üzvi surətdə əlaqələndirməlidirlər. Əgər əsərlər bu zəmində yaradılarsa, parlaq milli formaya, milli koloritə, Azərbaycan musiqisi üçün spesifik çalarlara malik olar, eyni zamanda da beynəlmiləl məzmun kəsb edər.

 

Mədəniyyət və incəsənət xadimlərimiz, o cümlədən bəstəkarlarımız da Heydər Əliyevin şəxsiyyəti və ruhu qarşısındakı mənəvi borclarını yerinə yetirərək onun dühasını əbədiləşdirmişlər. Heydər Əliyevin xalqı və Vətəni qarşısında misilsiz xidmətləri Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunduğu kimi, incəsənətin, musiqinin dili ilə də özünün yüksək təcəssümünü tapmışdır. Ulu öndərimizə ithaf olunan neçə-neçə ölməz sənət əsəri yaradılmışdır. Azərbaycan bəstəkarlarının böyük ehtiram və məhəbbətlə qələmə aldıqları belə əsərlərdən Cövdət Hacıyevin Onu zaman seçib, Arif Məlikovun Əbədiyyət simfoniyaları, Ramiz Mustafayevin Atamız Heydər, Sərdar Fərəcovun Böyük vətəndaş haqqında odaları, Musa Mirzəyevin Azadlığın baharı, Vasif Adıgözəlovun Azərbaycan kantataları, Tofiq Bakıxanovun Qayıdış və Xatirə simfonik poemaları, Firəngiz Əlizadənin kamera orkestri üçün İthaf əsəri, Fərhad Bədəlbəylinin Elegiya pyesibir çox digər əsərləri vurğulamaq mümkündür.

 

Yurdumuzda bahar fəsli, may ayıdır. Bu həm ulu öndərimiz Heydər Əliyevin dünyaya gəldiyi aydır. Dahi şəxsiyyətin doğum günü illərdir respublikamızda müxtəlif mədəni tədbirlər, elmi-praktiki konfranslar, seminarlar, konsertlər keçirilərək qeyd edilib, yaradıcı insanlar bu tədbirlərdə ümummilli liderə sevgi ehtiramını bildirərək əziz xatirəsini yad ediblər.

 

Bu il bütün dünyanın, o cümlədən ölkəmizin üzləşdiyi pandemiya səbəbindən bir çox tədbirlər fərqli şəkildə formatlarda keçirilir. Karantin şəraitində onlayn rejimdə keçirilmiş belə tədbirlərdən biri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Elmi tədqiqat laboratoriyası əməkdaşlarının təşkil etdiyi ulu öndərimizin doğum gününə həsr edilmiş elmi-praktiki seminar idi. Seminarda orta nəsil bəstəkarlıq məktəbinin nümayəndəsi Rüfət Ramazanovun Əsrin dahisi simfonik poeması nəzərdən keçirildi.

 

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü, Prezident təqaüdçüsü, Ü.Hacıbəyli adına BMA-nın Şifahi ənənəli Azərbaycan musiqisi onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya akustika elmi laboratoriyasının aparıcı elmi işçisi Rüfət Ramazanov simli orkestr üçün simfoniya, Xurufilər, Fəzlullah Nəimi, Ziddiyyətə doğru, And kimi simfonik poemaların, sənədli filmlərə teatr tamaşalarına musiqilər bir çox başqa əsərlərin müəllifidir. Onun 2013-cü ildə yazdığı Əsrin dahisi simfonik poeması çağdaş musiqi tariximizdə ulu öndərimizin əziz xatirəsini əbədiləşdirən musiqi əsərlərindən biridir.

 

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş simfonik poemada ulu öndərimizin dərin psixoloji portretinin, xarakterinin açılması musiqi dilində bəstəkar tərəfindən orijinal şəkildə qələmə alınmışdır. Əsər yazıldığı ildə Azərbaycan Televiziyasının Niyazi adına Simfonik orkestri tərəfindən dirijor Azad Əliyevin rəhbərliyi ilə ifa olunmuş və lentə alınmışdır. Ümummilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışı, yeni müasir Azərbaycan dövlətinin qurulması uğrunda mübarizəsi və işıqlı gələcəyə olan inamını musiqidə açıq-aydın hiss edirik.

 

Onlayn seminarın sonunda Əsrin dahisi simfonik poemasının ifası dinlənilmişdir.

 

Qeyd etdiyimiz kimi, ulu öndərimizə həsr edilmiş əsərlər çoxdur və onların hər biri musiqi tariximizdə iz qoymuşdur. Heydər Əliyevin əziz xatirəsi bundan sonra da sənət əsərlərində, musiqidə əbədiləşərək tarixin yaddaşında əsrlər boyu yaşayacaqdır. Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə poeziya, rəsm, musiqi əsərlərində şəxsiyyəti canlanacaqdır.

 

Mehparə RZAYEVA

BMA-nın böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2020.- 8 may.- S.5.