Azərbaycan Dövlət Akademik Filarmoniyası MDB üzrə ilk beşlikdə

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı filarmoniyalarının reytinqində ilk beşliyə daxil edilib.

 

Reytinq Turstat turizm portalı tərəfindən filarmoniyaların klassik musiqi konsertləri keçirməsi, həmçinin onların saytlarında və sosial şəbəkələr üzərindən onlayn yayımları əsasında tərtib olunub.

 

Siyahıda ilk sırada Moskva Dövlət Akademik Filarmoniyası, daha sonra D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyası və Belarus Dövlət Filarmoniyası yer alıb.

 

Cambul adına Qazaxıstan Dövlət Filarmoniyası reytinq cədvəlində dördüncü, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası isə beşinci sıradadır. Sonrakı yerləri Özbəkistan, Qırğızıstan, Moldova və digər ölkələrin filarmoniyaları tutub.

 

Qeyd edək ki, zəngin yaradıcılıq ənənələri olan Azərbaycan Dövlət Akademik Filarmoniyası 1936-cı ildə yaradılıb. Ölkəmizin aparıcı konsert təşkilatına 2017-ci ildə akademik statusu verilib.

 

Hazırda mədəniyyət ocağının tərkibində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti fəaliyyət göstərir.

 

***

 

Yeri gəlmişkən, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Oman Sultanlığındakı Sultan Qabus Universitetinin müəllimləri Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə təşkilatçılığı ilə Bizi birləşdirən mədəniyyət layihəsi çərçivəsində keçirilən Sərhədsiz musiqi aksiyasına qoşulublar.

 

Aksiyada Əməkdar mədəniyyət işçisi Elçin Abbasov (tar), Ulduzə Məmmədova (kamança), Şəbnəm Şıxəliyeva (qanun), Vüsalə Yusif (fortepiano) və digər musiqiçilər görkəmli italyan bəstəkarı A.Vivaldinin İlin fəsilləri əsərindən bir parçanı onlayn ifa ediblər. E.Abbasov bildirib ki, bu tip klassik əsərlərin kvartet şəklində ifası gələcəkdə də təqdim ediləcək.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.8.