Mənim balaca şahzadəm Seulda beynəlxalq festivalda

 

Azanfilm animasiya studiyasının istehsalı olan Mənim balaca şahzadəm (My little prince) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8-ci Seul Kuroqu Beynəlxalq Uşaq Filmləri Festivalının (8th Seoul Guro İnternational Kids Film Festival) yarımfinal mərhələsinə yüksəlib.

 

Festivalın final mərhələsi mükafatlandırma mərasimi iyulun 2-8-də keçiriləcək.

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Xalq yazıçısı Elçin, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə gənc rəssam Məryəm Ələkbərlinin Antuan de Sent-Ekzüperinin Balaca şahzadə əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. M.Ələkbərli Balaca şahzadə əsəri haqqında düşüncə duyğularını 3D animasiya ilə əlaqələndirməklə yeni bir üslub ərsəyə gətirib.

 

Qeyd edək ki, Mənim balaca şahzadəm animasiya filmi daha öncə Banqladeşdə və Türkiyədə beynəlxalq festivallarda nümayiş etdirilib.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.8.