Milli məfkurə uğrunda mübariz ədib

 

Ötən yüzilliyin əvvəllərində Rusiya imperiyasının bir çox xalqları da azadlığa can atan tatar xalqının qabaqcıl ziyalılarından biri də tanınmış pedaqoq, jurnalist, yazıçı və ictimai xadim Fatih Kərimi olub.

 

Fatih Qulam oğlu Kərimi 17 mart 1870-ci ildə Samara quberniyası Buqulminski qəzasının Minnibayev kəndində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini atasının dərs dediyi kənd məktəbində alıb. Sonra Çistopoldakı “Kamaliyə” mədrəsəsində təhsilini davam etdirib.

 

Fatih eyni zamanda Xalq Təhsili Nazirliyi Məktəbinin ikinci kursunu ekstern bitirdiyi haqqında diplom da alır. Bu təhsillə kifayətlənmir və 1892-ci ildə İstanbulda “Məktəbi-mülküyəyi-şahanə”yə qəbul olunur. Burada türk dili ilə yanaşı, ərəb, fars və fransız dillərini də öyrənir. 1896-cı ildə təhsilini başa vurub Krımda – Yalta qəzasının Dərəköy kənd mədrəsəsində əmək fəaliyyətinə başlayır.

 

Fatih Kərimi 1899-cu ilin fevral-may aylarında qızıl sənayeçisi Məhəmməd Şakir Ramiyevlə Avropada işgüzar səfərdə olur. Həmin vaxt atası Orenburq Dini İşlər İdarəsinə göndərilir. Bu səbəbdən də ailələri 1899-cu ildə Orenburqa köçür, Fatih isə geri döndükdə bir müddət Sankt-Peterburqda qalır. Burada alman dilini, mətbəə və mühasibatlıq işlərini öyrənir. Mətbəədə işə düzəlir.

 

1902-ci ildə atasının vəfatı xəbərini alır. Orenburq şəhərinə gəlir, atasının burada açdığı mətbəəni işlədir. Mətbəəyə ərəb şriftləri gətirir. Kitab və qəzet-jurnal nəşrini genişləndirir. Eyni zamanda kitab satışı məsələlərini də qaydaya salır. Mətbəədə 1917-ci ilədək ərəb əlifbası ilə 380-dən çox adda kitab nəşr edilir.

 

Fatih Kərimi erkən çağlardan yaradıcılığa maraq göstərib. Müəllim işlədiyi dövrdə – 1897-ci ildə ilk qələm təcrübəsi olan “Salix babanın evlənməsi” hekayəsini yazıb. 1899-cu ildə “Müxtəsər coğrafiya” dərsliyi və “Bir şagird ilə bir student”, 1901-ci ildə “Murza qızı Fatima” povestlərini qələmə alıb. Eyni zamanda “Müəllim və tərbiyəçilər üçün rahnamə” (1902) adlı tədris vəsaitini, “Qısa ümumdünya tarixi” (1911) dərsliyini nəşr etdirib.

 

Maarif xadiminin daha sonra Sankt-Peterburqda “Avropaya səyahət”, Orenburqda “Kırıma səyahət”, “İstanbul məktubları” adlı kitabları işıq üzü görür. O, Rusiyada yaşayan türk-tatar yazarları arasında ən maraqlı səyahət oçerkləri (tatar dilində) yazan müəllif kimi tanınır. Xalqının sevimlisinə çevrilən yazıçı tatar dilində “Vakit” (“Vaxt”) adlı qəzet nəşr etdirmək istəyir. Bu işdə ona adamı M.Ş.Ramiyev yardımçı olur. Qəzetin ilk nömrəsi 1906-cı ildə işıq üzü görür. 1913-cü ilədək həftədə üç dəfə, sonra gündəlik çıxan qəzet nəinki Rusiya türkləri arasında, xarici ölkələrdə də özünə çoxlu oxucu tapır. İki il sonra M.Ş.Ramiyev “Şura” jurnalının nəşrinə də vəsait ayırır.

 

Tərcümə sahəsində də fəaliyyət göstərən yazıçı rus, fransız, türk dillərindən elmi-kütləvi kitabları tatar dilinə çevirərək nəşr etdirib.

 

Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, F.Kərimi 1905-1906, 1914 və 1917-ci illərdə keçirilən Ümumrusiya Müsəlmanları Qurultayına nümayəndə, sonuncu toplantıda isə Milli şuranın üzvü seçilir. O, həmin ərəfədə Orenburqda müsəlmanların beş toplantısını təşkil edir. “İttifaq əl-müsəlman” Partiyası Mərkəzi Komitəsinin üzvü olur. Sonra Orenburq şəhər Dumasına üzv seçilir. 1907-ci ildə II Dövlət Dumasına keçirilən seçkilərdə də iştirak edir.

 

F.Kərimi tatar xalqının xilasını sosialistlərlə bir cəbhədə olmaqda görürdü. Sovetləşmədən sonra “Yeni dünya” adlı qəzet nəşr etdirir. Bir müddət sonra bolşeviklərin təzyiqləri ilə üzləşir. Təqiblərdən qurtarmaq üçün 1924-cü ildə Moskvaya gedir. SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatının Tatar şöbəsində işə düzəlir. İctimai-siyasi fəaliyyətlə məşğul olmasa da, yenə təzyiqlə üzləşir. Buna baxmayaraq, ruhdan düşmür, Moskva Şərqşünaslıq İnstitutunda türk dilindən dərs deyir. “İşçi” qəzeti ilə əməkdaşlıq edir.

 

...30-cu illərin repressiya dalğası bu görkəmli ziyalıdan da yan keçmir. F.Kərimi 1937-ci ilin avqustunda həbs olunur. Türkiyəyə casusluqda ittiham edilir, həmin ilin 27 sentyabrında güllələnir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 6 may.- S.5.