Muzeylərin virtual layihələri maraqla qarşılanır

Koronavirus infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi günlərində artıq iki aya yaxındır paytaxtın aparıcı muzeyləri fəaliyyətini virtual şəkildə davam etdirirlər.

 

Azərbaycan Milli Xalça Muzeyinin sosial şəbəkə hesablarında maraqlı təqdimatlar edilir. Muzeyin son paylaşımları sırasında Rusiya Etnoqrafiya Muzeyinin yaydığı xəbər maraq doğurur.

 

Xəbərdə bildirilir ki, muzey Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan sərgiyə hazırlıq işlərini davam etdirir. Muzeyin kolleksiyasından sərgi üçün 50-yə yaxın xalça, eyni zamanda məişət əşyaları, parça, tikmə, mis qablar s. seçilib.

 

Xalça Muzeyi həmçinin sosial şəbəkə səhifəsində özünün Xovlu xalçalar kolleksiyasından orijinal kompozisiyalı Xilə-Əfşan xalçası haqqında məlumatı virtual tamaşaçılara təqdim edib.

 

***

 

Azərbaycan Milli İncəsənət Muzeyi görkəmli fırça ustası, Əməkdar rəssam Ələkbər Rzaquliyevin həyat fəaliyyətindən bəhs edən məruzəni, XVII əsrin Flamand rəngkarlığının tanınmış nümayəndəsi Adrian Brauverin yaradıcılığı haqqında məlumatı öz sosial şəbəkə səhifəsində izləyicilərlə bölüşüb.

 

Milli İncəsənət Muzeyinin kolleksiyasından Xalq rəssamı Maral Rəhmanzadəyə məxsus əsərlər rəssam haqqında məqalə maraqla qarşılanan paylaşımlar sırasındadır.

 

***

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Musiqi muzeyinin inciləri rubrikasında görkəmli rəssam Həsən Haqverdiyevin arxivində qorunan Azərbaycan musiqiçilərinə dostluq şarjlarını Facebook səhifəsi üzərindən izləyicilərə təqdim edib.

 

Mədəniyyət kanalı ilə Mədəniyyət Nazirliyinin Bizi birləşdirən mədəniyyət layihəsində xalq artistləri Vasif Adıgözəlov Xəyyam Mirzəzadə yaradıcılığına həsr olunmuş həftə çərçivəsində H.Haqverdiyevin hər iki bəstəkara həsr etdiyi dostluq şarjları izləyicilərin marağına səbəb olub.

 

Dinləyin, bizdə nələr vardır layihəsində isə muzeydə qorunan muzeyin Qədim musiqi alətləri ansamblında ifa olunan qədim musiqi alətimiz - Şirvan tənburu haqqında məlumat verilib.

 

***

 

Muzey Mərkəzinin sosial şəbəkə səhifələri də rəngarəngliyi ilə seçilir. Mərkəz tərəfindən 2011-ci ildə keçirilən Bakıda batika həftəsi sərgisi çərçivəsində ustad dərsindən fraqmentlər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Mərkəzində təcrübə keçən III kurs tələbələri üçün rəssam Vüqar Əlinin ustad dərsi, yenə də 2011-ci ildə Xalq rəssamı Mayis Ağabəyovun fərdi sərgisinin unudulmaz anları izləyicilərə təqdim edilib.

 

Həmçinin ötən illərdə mərkəzin sərgi qalereyasında Əməkdar rəssam Ənvər Əskərovun 70 illik yubiley sərgisindən, həvəskar rəssam Firəngiz Hüseynovanın Rənglərin harmoniyası adlı sərgisindən yaddaqalan anlar tamaşaçılar üçün paylaşılır.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 6 may.- S.3.