Paytaxt kitabxanalarının virtual layihələri

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki kitabxanalar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətini internet üzərindən onlayn şəkildə, müxtəlif virtual layihələrin təqdimatı ilə davam etdirir.

 

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası baş idarənin təşəbbüsü ilə həyata keçirilən #mənoxudumsəndəoxu layihəsinə də qoşulub. Layihə çərçivəsində təşkil olunan onlayn nağıl saatında kitabxananın əməkdaşı Zeynəb Ziyyədinlinin səsləndirdiyi Göyərçin və qarışqa nağılı təqdim edilib. MKS-nin 6 nömrəli filialı isə #mənoxudumsəndəoxu çağırışı çərçivəsində göyərçin adlı Azərbaycan xalq nağılının videoçarxını hazırlayıb.

 

Səbail rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşları həmçinin kiçikyaşlı oxucular üçün virtual sərgi təqdim ediblər. Sərgidə Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bərpanəşr layihəsi çərçivəsində çap olunan kitablar nümayiş olunub.

 

Səbail rayon MKS-nin 3 nömrəli filialı N.Axundzadə adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə birlikdə Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar onlayn təqdimat keçirib. Yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib, şagirdlərin ifasında əsərlərindən parçalar dinlənilib.

 

***

 

Yasamal rayon MKS Kitabxana koronavirusa yox deyir! layihəsini davam etdirir. Kitabxana bu layihəyə bir çox şair yazıçıları cəlb edə bilib. Qocaman yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İmamverdi Zeynalov da yeni yazdığı şeirləri kitabxanaya virtual formada təqdim edib. İmamverdi Zeynalov 1960-cı ildən respublika mətbuatında bədii yazıları ilə çıxış edir. 1987-ci ildə şairin Muğanın ağsaqqalı povesti çapdan çıxıb. Onun yaradıcılığına Xalq şairləri Süleyman Rüstəm, Qabil, Xalq yazıçısı İsmayıl Şıxlı yüksək qiymət verib.

 

***

 

Xəzər rayon MKS-nin 7 nömrəli filialı Kitabxanaçı tövsiyə edir layihəsi çərçivəsində oxuculara görkəmli şair yazıçılar haqqında məlumat verir. Bu dəfə oxucular Məhsəti Gəncəvi yaradıcılığı haqqında məlumatlandırılıb. Qeyd edilib ki, XII əsrin birinci yarısında yaşayıb-yaratmış Məhsəti Gəncəvi ədəbiyyat tariximizdə gözəl rübailər ustadı kimi tanınır. Şairənin rübailərində humanizm, səmimi hisslər, dərin fəlsəfi mühakimələr əksini tapıb. Məhəbbət lirikası Məhsətinin yaradıcılığında əsas yer tutur.

 

Xəzər rayon MKS-nin 3 nömrəli filialı isə Məhəmməd Füzuli həftəsinə qoşulub. Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvü, kitabxananın fəal oxucusu Tahirə Bərraq Füzuli yaradıcılığına, şairin əsərlərinə müraciət edərək onun qəzəllərindən birini səsləndirib. 125 nömrəli məktəbin şagirdləri dahi şairin Meyvələrin söhbəti əsəri ilə bağlı virtual təqdimat ediblər. Videoslaydlar kitabxananın İnstagramFacebook səhifələrində paylaşılıb.

 

***

 

Koronavirus pandemiyasının hökm sürdüyü dünya bütünlüklə virtual aləmdə fəaliyyət göstərir. Bu, planetimizin müxtəlif guşələrində yerləşən və indiyə qədər geniş oxucu kütləsinin məlumatlı olmadığı maraqlı faktları, mədəni irs nümunələrini və s. öyrənməyə və paylaşmağa imkan verir. Sabunçu rayon MKS-nin Mərkəzi kitabxanası #evdəqalməlumatsızqalma çağırışına qoşularaq dünyanın ən məşhur qeyri-adi kitabxanaları haqqında videoçarx hazırlayıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.7.