Şuşanın tarixi Vikipediyanın özbək dili bölməsində

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən Şuşa şəhərinin tarixi-mədəni irsi haqqında özbək dilində bölmə istifadəyə verilib.

 

Tarixi abidələr keçmişdən gələcəyə körpüdür. Hər bir tarixi abidə məxsus olduğu xalqın, habelə dövrün mədəni mühitini özündə yaşadır. Azərbaycanın qədim qala-şəhəri olan Şuşada tarixi abidələrin qorunması məqsədilə 1988-ci ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdı.

 

Vikipediyanın özbək dili bölməsində Şuşa qoruğu haqqında təqdim olunan məqalədə XVIII əsrdə Azərbaycan şəhərsalma mədəniyyətinin mühüm özəlliyi, Qarabağ xanlığının paytaxtı olan Şuşa şəhərinin salınması, xanlığın ictimai-siyasi, habelə mədəni həyatındakı rolu haqqında məlumat verilir. Bildirilir ki, Qarabağ xanı Pənahəli xanın qədim yaşayış məskəninin yerində saldırdığı Şuşa qalası Azərbaycanın Son Orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhərində tarixi əhəmiyyət kəsb edən bir çox abidə inşa olunub. Həmin abidələrin çoxu məscidlərdən ibarətdir.

 

Daha sonra bölmədə özbək oxucularına şəhərdə olan abidələr haqqında məlumat verilir. Şəhərin tarixi abidələr ansamblını zənginləşdirən və bir hissəsini təşkil edən XIX əsrdə memar Kərbəlayı Səfi xan Qarabaği tərəfindən tikilmiş Yuxarı və Aşağı Gövhər ağa məscidləri, həmçinin Saatlı, Malıbəyli, Qaybalı, Şırlan məscidləri haqqında məlumat verilir, şəhərdəki albanrus kilsələri, 4 karvansara, Qulam şahın, Əsəd bəyin və Mamay bəyin malikanələri haqqında bəhs edilir.

 

Məlumatda vurğulanır ki, bu abidələrlə yanaşı, görkəmli şəxslərin mülkləri, muzeylər, heykəllər və s. Şuşanı işğal edən erməni silahlı qüvvələri tərəfindən talan edilib. Bölmədə Şuşa şəhərində yerləşən bütün abidələrin siyahısı, onların yaradılma tarixi, yerləşdikləri ünvan öz əksini tapıb.

 

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi nəticəsində 2019-cu ildə Şuşa şəhəri, habelə tanınmış şuşalılar haqqında da özbək dilində bölmə istifadəyə verilib (https://uz.wikipedia.org/wiki/Shusha_tumani).

 

Mərkəz AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə birgə sistemli şəkildə Azərbaycan tariximilli mədəniyyətimizə dair bölmələrin yaradılması istiqamətində işini davam etdirir.

 

 

Mədəniyyət.-2020.- 13 may.- S.3.