Azərbaycan kinosunda xidmətləri olan rəssam

 

 

“İstedadlı rəssam öz xəyalı ilə filmdə istədiyi dövrü yarada bilər”

 

Xalqımızın mədəni-mənəvi həyatında Azərbaycan kino sənəti mühüm rola malikdir. Sintetik incəsənət olan kinonun ölkəmizdə böyük inkişaf yolu keçməsində, istedadlı rejissorlar, operatorlar, aktyorlar, ssenarist bəstəkarlarla yanaşı rəssamlarımızın da xüsusi xidmətləri olmuşdur. Milli kino sənətinə öz töhfələrini vermiş sənətkarlarımızdan biri Xalq rəssamı Rafis İsmayılovdur.

 

O, 1939-cu il martın 30-da Bakı şəhərində dünyaya göz açmışdır. 1962-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu, 1972-ci ildə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirmişdir. Elə həmin ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında çalışaraq əllidən çox filmin quruluşçu rəssamı olmuşdur. Bu sıradan “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qatır Məmməd”, “Qara gölün cəngavərləri”, “Oxuyur Müslüm Maqomayev”, “Təhminə”, “Dantenin yubileyi”, “Sübhün səfiri” s. filmləri misal göstərmək olar.

 

Rafis İsmayılov kino sahəsini seçməsini belə xatırlayır: “Dördüncü kursda oxuyurdum. O zamanlar Rəssamlıq Texnikumu Bakıda, “Malakan bağı” yaxınlığında yerləşirdi. Bir gün dərsdən çıxaraq Tarix Muzeyi tərəfə gedirdim. Orada cürbəcür xarici maşınlar, qəşəng geyimli adamlar gördüm. Həmin vaxt rejissoru Əjdər İbrahimov olan “Bir məhəllədən iki nəfər” filminin çəkilişi gedirdi. Çox böyük bir maraqla, qaranlıq düşənədək filmin çəkilişini seyr etməyə başladım. Bakının bir küçəsi sanki İstanbulun bir guşəsi olmuşdu. Gördüm ki, kinoda rəssam istədiyi bir dövrü yarada bilər. Bu səhnələr mənə çox təsir etdi. Elə həmin gün qərarlaşdırdım ki, mən məhz kino sənəti ilə məşğul olmalıyam”.

 

Tezliklə Eldar Quliyev, Ənvər Əbluc, Oqtay Mirqasımov, Rasim İsmayılov kimi rejissorlar onu öz filmlərinə quruluşçu rəssam kimi dəvət edirlər.

 

1979-cu ildə ekrana çıxan “Qəribə adam” ikiseriyalı filmində Rafis İsmayılov görkəmli kinorejissor Əjdər İbrahimovla birlikdə çalışır. Nazim Hikmətin əsəri əsasında çəkilən filmdəki hadisələr İstanbulda cərəyan edirdi. Bu filmin çəkilməsi üçün o, günlərlə arxivləri araşdırır, İstanbulun bir guşəsini yaradır. Rafis İsmayılov deyir: “Hər bir film üzərində bir il ya il yarım çalışmaq lazımdır. İlk öncə ssenaridən başlayır. Rəssam ssenarini oxuyaraq o hadisələrin iştirakçısına çevrilməlidir. Hadisələrin cərəyan etdiyi dövrləri dərindən öyrənərək mükəmməl bilməlidir”.

 

Rəssam hər bir filmdə hadisələrin mahiyyətinə uyğun rənglərdən istifadə edib maraqlı detallar tapır beləliklə, ərsəyə gələn süjetli eskizləri ilə filmin bütöv mənzərəsini yaradır. Onun plastika rəng çalarlarının orijinal həllini tapmaq bacarığı işlədiyi filmlərdə aydın nəzərə çarpır.

 

Rafis İsmayılovun əsas peşəsi kino rəssamlığı olsa da, bir neçə cizgi filminin   quruluşçu rəssamı rejissorudur. “Danışan işıqlar”, “Xeyir Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinə bədii tərtibat vermişdir.

 

Sənətkar kino ilə bərabər bir sıra teatr tamaşalarına da bədii tərtibat vemişdir. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Misir gecələri”, “Tənha iydə ağacı”, “Gecə döyülən qapılar”, “İkinci səs”, “Fedra”, Azərbaycan Dövlət OperaBalet Teatrında “Leyli və Məcnun”, “Məhəbbət və ölüm”, “Natəvan”, “Trubadur” və s. tamaşaların quruluşçu rəssamı olmuşdur.

 

O, həmçinin dünyada məşhur olan Təbriz miniatür məktəbinin ənənələrini davam etdirərək dəzgah rəngkarlığı və miniatür üslubunda müasir axtarışlar apararaq sənətini inkişaf etdirmişdir. Bundan əlavə, bir sıra kitablara illüstrasiyalar çəkən rəssam “Kitabi-Dədə Qorqud” dastanının motivlərinə, xalq mahnılarımıza, atalar sözlərinə həsr olunmuş xeyli sayda rəsm əsərinin də müəllifidir.

 

Rafis İsmayılovun yaradıcılığı yüksək qiymətləndirilərək 1982-ci ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarına, 2015-ci ildə “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl pəri” mükafatına layiq görülmüşdür. Rəssam eyni zamanda 1978-ci ildə “Sevinc buxtası” filminin yaradıcı heyəti ilə birlikdə respublika Dövlət mükafatının laureatı olmuşdur.

 

Rafis İsmayılovun əsərləri Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında, eləcə də yerlixarici şəxsi kolleksiyalarda qorunaraq saxlanılır.

 

Ziyarət CABBAROVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.-2020.- 13 may.- S.7.