Sənət dünyasından dahi rəhbərin xatirəsinə ehtiram

 

   

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert

 

Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş virtual konsert proqramı hazırlanıb. Ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.

 

Layihə dizayntexniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin auditorum zalındakı solo çıxışlarla sinxronlaşdırılıb.

 

Konsertdə xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıqov, əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, “Natiqritm qrupu və digərləri iştirak ediblər.

 

Eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlı incəsənət ustaları – xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.

 

Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən və mayın 10-da telekanallar vasitəsilə yayımlanan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunub.

 

Mədəniyyət.-2020.- 13 may.- S.1.