Tarix, arxeologiya və təsviri sənət mövzusunda vebinar keçirilib

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Tarixarxeologiyada skif problemi; təsviri sənətdə Tomris ikonoqrafiyası mövzusunda vebinar onlayn seminar keçirilib.

 

İctimai birliyin şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin moderatorluğu ilə keçən onlayn seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun məruzələri dinlənilib.

 

Sevil Kərimova məruzəsində dünya təsviri sənətində Tomris obrazı və onun ikonoqrafiyasının formalaşması, atribusiyası haqqında danışıb. Bildirib ki, Herodotun Tarix əsərinə illüstrasiyalardan başlanan Tomris obrazının təsvirləri sonralar Robert Kampin, Mikellancelo, Mantenya, Corcone, Rubens, Andrea del Kastanyo, Brussaferro, Luka Ferrari kimi məşhur rəssamların da mövzusu olub. Türk dünyasında daha çox Qazaxıstanda Tomris obrazının təsvirinə rast gəlinir. Azərbaycanda rəssamlar Hafiz ZeynalovAltay Hacıyev bu mövzuya müraciət ediblər. Son illərdə heykəltəraş Xanlar Əhmədov və rəssam Vüqar Əli Tomris obrazını işləyiblər.

 

Zaur Həsənov skif problemini müxtəlif yazılı mənbələr əsasında təqdim edib, antik müəlliflərin əsərlərində skif tayfaları ilə bağlı məqamları vurğulayıb. Məlum olduğu kimi, Azərbaycanda skif tapıntıları müxtəlif dəfn abidələrindən aşkarlanır. Arxeoloji baxımdan skif tapıntıları iki dövrə ayrılır: e.ə. VIII əsr - VI əsrin I yarısı və e.ə. VI əsrin ikinci yarısı - IV əsr. Tarixi mənbələrin skiflərin Azərbaycana gəlməsi məlumatını təsdiqləməsi məqsədilə arxeoloji tapıntıların bu marşrut üzərində geoqrafik lokallaşmasından istifadə edilib. Zaur Həsənov skif mədəniyyətində müxtəlif qadın təsvirləri haqqında da danışıb.

 

Müzakirələrdə Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova, Bakı şəhəri 55 saylı orta məktəbin tarix müəllimi Ülviyyə İsmayılova, müstəqil tədqiqatçılar Faiq Nəsibov, Üzeyir Mikayıl, Nəzər Atayev və başqaları çıxış ediblər.

 

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlilli məruzəçilərə maraqlı çıxış üçün minnətdarlıq edib.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.4.