Sənə nağıl danışım

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən nağıl müsabiqəsinə əsər qəbulu başa çatıb.

 

Teatrın nəzdindəki Oyuq teatr-studiyasının iştirakı ilə, Təhsil Nazirliyinin Məktəblinin dostu layihəsi çərçivəsində reallaşan Sənə nağıl danışım adlı müsabiqə 7-13 yaş arası uşaqları əhatə edib. Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edib. Müsabiqəyə 400-ə yaxın nağıl təqdim olunub.

 

Tanınmış yazarlardan ibarət 5 nəfərlik münsiflər heyəti hazırda nümunələri oxuyub dəyərləndirirlər. Ümumilikdə 10 nağıl müəllifinin seçiləcəyi müsabiqənin şərtinə görə, ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.

 

İlk üçlükdə yer alan nağıllar əsasında tamaşa da hazırlanacaq. Oyuq teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdiriləcək. Müsabiqənin nəticələri mayın sonunadək elan olunacaq.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.5.