Toxum səpmişəm torpağa şeirdən...”

 

 

Müsəlman Şərqində geniş şöhrət qazanan görkəmli sənətkarlardan birifars-tacik şairi Əbülqasım Firdovsidir. Məşhur “Şahnamə” və “YusifZüleyxa” əsərləri ilə daha çox tanınan şairin həyatı müəmmalara bürünüb, haqqında əfsanə və rəvayətlər yaranıb.

 

Əbdülqasım Firdovsi (Həsən ibn Əli və ya Həsən ibn İshaq Şərəfşah) təxminən 934-cü ildə İranın Tus şəhəri yaxınlığındakı Baj kəndində dünyaya göz açıb. 1024-cü ildə Tus şəhərində vəfat edib.

 

O, böyük ensiklopedik bilik sahibi olan şəxsiyyətlər Əbu Nəsr əl Fərabi, Əbu Əli ibn Sina, Əbu Reyhan əl Biruni ilə eyni dövrdə yaşayıb. Dərin mütaliəsi sayəsində qısa vaxt ərzində Şərq fəlsəfəsi və İslam elminə dərindən yiyələnib.

 

Ə.Firdovsi haqqında rəvayətlərin bir çoxundan şairin həyat və yaradıcılığının öyrənilməsində mənbə kimi istifadə edilib. Həmin rəvayətlərin ən məşhuru Firdovsi ilə Sultan Mahmud Qəznəvi arasında olan söhbətdir. Belə qeyd edilir ki, Sultan Mahmud Firdovsiyə hər beytinə bir qızıl pul ödəmək şərtilə “Şahnamə” yazmağı sifariş edib. Şair əsəri tamamlayandan sonra hökmdar vədinə əməl etməyib. Qızıl pul əvəzinə şairə gümüş pul göndərir. Bundan hiddətlənən şair hökmdara həcv yazır. Sonra doğma şəhərini tərk edir. Peşman olan Sultan Mahmud vəd etdiyi qızıl pulu Firdovsiyə göndərir. Qızıl pulu gətirən karvan şəhərin bir darvazasından içəri girərkən, o biri darvazadan Firdovsinin cənazəsini çıxarırlar. Firdovsinin qızı isə pulları qəbul etməyib, geri qaytarır...

 

Firdovsinin Sultan Mahmud sarayına yol tapması ilə bağlı da rəvayət var. Həmin rəvayətə görə, şair hökmdarı görmək üçün Qəznə şəhərinə gəlir. Ancaq saraya yaxın buraxılmır. Bundan çox kədərlənən şair qəm-qüssəsini dağıtmaq üçün şəhər kənarına çıxır. Onun güzarı səfalı bir bağa düşür. Orada kiçik bir şeir məclisinə rast gəlir. Görür ki, saray şairlərindən Ünsüri, Fərruxi, Əscüdi gül-çiçəkli ağacların kölgəsində şeir deyirlər. Firdovsi onların şeirləşməsinə qulaq asır. Şairlər onun nə istədiyini soruşurlar. Firdovsi şeirdən xoşlandığını bildirir. Şairlər ona deyirlər: “İndi ki şeirdən xoşun gəlir, yaxın gəl. Biz hərəmiz bir misra şeir deyəcəyik. Ancaq misralar eyni vəzn və qafiyədə olmalıdır. Dördüncü misranı sən deyəcəksən. Rübaini tamamlaya bilsən, qonağımızsan. Bunu edə bilməsən, bağı tərk edəcəksən”. Firdovsi şərti qəbul edir. Saray şairləri mücərrəd bir gözəlin vəsfində deyirlər:

 

Ünsüri: Ay nurlu üzün qədər deyildi rövşən,

 

Fərruxi: Açmaz yanağın misli-qızılgül gülşən,

 

Əscüdi: Kirpiklərin ilə deşilər hər çövşən,

 

Firdovsi: Eynən elə bil Givin oxu ilə Peşən.

 

Ə.Firdovsinin uğurlu sonluğu saray şairlərini təəccübləndirir. Şərqşünas alim, professor Mübariz Əlizadənin fikrincə, Firdovsinin saraya gəlməsində həmin şairlərin böyük köməyi olub. Ancaq bir başqa mənbədə Firdovsi ilə həmin saray şairləri arasında ziddiyyətlərin olduğu da bildirilir.

 

Min ilə yaxındır “Şahnamə”yə bədii söz və hikmət mənbəyi kimi baxılır. Hazırda bir çox Şərq xalqları “Şahnamə”ni öz ana dilində oxuyur. Ə.Firdovsini isə doğma şairləri kimi sevirlər. Görkəmli sənətkar hələ sağlığında bu şeir incisinin dünya durduqca yaşayacağını dərk edib və əsərin sonunda belə deyib:

 

Otuz il ağır zəhmətə dözmüşəm,

Bu farsca əsərlə dirilmiş əcəm.

Abad qəsrlər ki göyə baş vurar,

Günəş istisindən, yağışdan uçar.

 

Elə bir uca qəsrdir bu əsər

Ki, görməz yağışdan, küləkdən zərər.

Toxum səpmişəm torpağa şeirdən,

Sağam, ölmərəm dünya durduqca mən...

 

XX əsrdə Ə.Firdovsionun “Şahnamə”si haqqında onlarla tədqiqat işi, monoqrafiya yazılıb. Şairin əsəri dünyanın bir çox dillərinə tərcümə edilib. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi keçmiş SSRİ miqyasında da, İran alimi Səid Nəfisinin sözləri ilə desək: “Şairin vətənində olduğundan daha mənalı, daha təntənəli şəkildə qeyd edilib”.

 

Azərbaycanda da Firdovsi yaradıcılığına maraq olub. Tanınmış maarifçi ədib və şairlər Rəşid bəy Əfəndiyev, Abbas ağa Qayıbov, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Abdulla Şaiq, Mikayıl Müşfiq, Mir Mehdi Seyidzadə tərəfindən “Şahnamə”dən parçalar dilimizə tərcümə edilib.

 

Görkəmli şair-dramaturq Hüseyn Cavid məşhur “Səyavuş” pyesini Firdovsinin anadan olmasının minilliyinə həsr edib. Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadə də Firdovsiyə şeirpoema həsr edib, onun “Şahnamə”sindən parçaları dilimizə çevirib, şair haqqında tədqiqat aparıb. Araşdırma ilə əlaqədar tanınmış şərqşünas alim Konstantin Smirnovla məktublaşıb.

 

Ancaq “Şahnamə” tam halda Azərbaycan dilinə professor Mübariz Əlizadə tərəfindən tərcümə olunub. Alim bu tərcümə işinə ömrünün 20 ilini sərf edib.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2020.- 15 may.- S.7.