Konsertlərimizi onlayn platformaya daşıdıq və buna davam edəcəyik

Hazırda dünyada 50-dək qadın dirijor var. Onlardan biri olmaq qürurvericidir. Elə buna görə həm türk dünyası, həm vətənimin adına layiq peşə sahibi olmağa çalışıram. İlk konsertlərimin məşqlərində dirijorumuz cavan bir qızdır, bilinmir necə olacaq kimi sözlər çox eşitmişəm. Lakin işləməyə başladıqda mən onlara yanıldıqlarını göstərdim.

 

Bu sözləri hazırda Türkiyədə yaşayan dirijor, bəstəkar pianoçu, Əməkdar artist Turan Manafzadə bildirib.

 

Əməkdar artist, tanınmış pianoçu İslam Manafov piano müəllimi Şükufə Manafovanın ailəsində doğulan Turan xanım ilk təhsilini Bakıda alıb: Əvvəllər həkim olmaq istəyirdim. Lakin məni musiqiyə bağlayan qəribə bir bağ var idi. Yəqin ki, bu, musiqiçi ailəsində doğulmağımdan irəli gəlir. Həm elə uşaq yaşlarından valideynlərim musiqiyə yatımlı olduğumu hiss etmişdilər. Buna görə fikrimi dəyişdim.

 

Turan Manafzadə qardaşı pianoçu bəstəkar Abuzər Manafzadə ilə ilə Türkiyədə Mimar Sinan İncəsənət (Gözəl Sənətlər) Universitetinin Dövlət Konservatoriyasını bitirib: Qardaşımla imtahan verməyə hazırlaşırdıq. Lakin Türkiyədə yaşayan həmvətənlərimiz bu təhsil müəssisəsinə daxil olmağın imkansız olduğunu demişdilər. Buna inad olaraq biz daha da yaxşı hazırlaşdıq. Nəticə olaraq imtahana girən 400 nəfərin içindən cəmi üç nəfər seçildi ki, onlardan da ikisi biz idik. Bu işin ciddiyyətini elə onda anladım. Ondan sonra musiqiyə artıq çox böyük ciddiyyətlə, dördəlli sarıldım. Biz qardaşımla hər zaman bir-birimizi dəstəkləyirdik. Hətta onu deyə bilərəm ki, məni dirijorluğa məhz qardaşım yönləndirib. Bunun üçün ona çox minnətdaram.

 

Dünyada qadın dirijorların sayının çox az olduğunu deyən T.Manafzadə bildirb ki, 1950-ci illərə qədər orkestrlər üçün dirijorluğu kişilər edirdi. O zamandan sonra artıq qadınlar bu sahəyə yönəlməyə başladılar. Xanım dirijor orkestrlə ilk məşqini belə xatırlayır: İlk məşqimizdə orkestr üzvləri dirijorun harada olduğunu soruşdular. Halbuki mən yanlarında dayanmışdım. Yəqin ki, onlar yaşlı, sərt simalı bir qadın, ya da kişi gözləyirdilər. Məni onlara təqdim edəndən sonra dirijor olduğumu bildilər. Azərbaycanda az sayda qadın dirijorlardan biriyəm. Bu, qürurverici olduğu qədər məsuliyyəti ağırdır. Dünyanın müxtəlif ölkələrinin orkestrləri, musiqiçiləri ilə işləmişəm. Dirijor kimi ilk təcrübəmi isə Şimali Kiprdə keçirilən III İpək Yolu Konfransında keçdim. Bu mənim üçün ən yaddaqalan xatirələrdən biridir.

 

Azərbaycan xalq mahnılarını interpretasiya etməsi barədə danışan sənətçi buna fərqli münasibət olduğunu deyib: Bunu bəzən reallıqdan qopmamaq cəhdi kimi qiymətləndirirlər. Lakin zaman da, tələblər dəyişir. Biz musiqimizi gələcək nəsillərə çatdırmağa borcluyuq. Ümumiyyətlə, yenilik etmək lazımdır. Bəzən mənə musiqiləri təhrif etdiyimi deyirlər, amma əksəriyyət bəyənir. Dünyanın müxtəlif ölkələrində konsertlər verirəm. Öz musiqilərimdə Azərbaycan dadını mütləq eşitdirmək, hiss etdirmək istəyirəm. Bu, azərbaycanlı olaraq mənim borcumdur.

 

Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görüldüyü üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirən sənətçi qeyd edib ki, bu, yaradıcı insanda çox böyük məsuliyyət hissi yaradır.

 

T.Manafzadə pandemiyasosial təcrid dövrünün davam etdiyi bu günlərdə ailəsinin musiqiçi üzvləri atası və qardaşı ilə birlikdə İstanbuldan onlayn konsertlər verdiyini deyib: Konsertlərimizi onlayn platformaya daşıdıq və buna davam edəcəyik. Belə bir çətin zamanlarda insanların mənəvi dəstəyə ehtiyacları var. Bu müddətdə ailəliklə bir neçə konsert verdik və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını gördük. Zəng və ya mesajla insanlar öz təşəkkürlərini, xoş sözlərini çatdırdılar. Bizim üçün də gözəl təcrübə oldu.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.3.