Karantin dövründə yerlərdə mədəni fəaliyyət

Ölkəmizdə pandemiya ilə bağlı tətbiq olunan karantin günlərində regionlardakı mədəniyyət müəssisələri də fəaliyyətlərini şəraitə uyğun davam etdirirlər.

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şəki şəhər 3 nömrəli Musiqi məktəbinin müəllimi Anar Həsənov Facebook şəbəkəsi üzərindən ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş onlayn solo konsert təqdim edib. Evdə mədəniyyətimizi yaşadaq və Sənətinlə dəstəklə layihələri çərçivəsində keçirilən konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

***

 

Ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən onlayn şeir və mahnı müsabiqəsinə yekun vurulub.

 

Müsabiqədə rayonun 51 ümumtəhsil məktəbini təmsil edən 300-dən çox şagird iştirak edib. Şeir nominasiyasında müxtəlif yaş qrupları üzrə Muxax, Yolayrıc və Çobankol kənd tam orta məktəblərinin şagirdləri, mahnı nominasiyasında Zaqatala şəhər 3 saylı tam orta məktəbin şagirdləri birinci yerə layiq görülüblər. Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi xüsusi karantin rejimi başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə təşkil etdiyi Vətənə həsr olunmuş ömür adlı videogörüntülərdən ibarət onlayn rəsm müsabiqəsi də başa çatıb. Müsabiqə iştirakçılarının təqdim etdikləri materiallar münsiflər heyəti Xalq rəssamı Arif Hüseynov, Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, rəssam Elnurə İsgəndərova tərəfindən qiymətləndirilib və üç videoçarx mükafata layiq görülüb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videokonfransı keçirilib. İdarənin rəisi Vüqar Qədirov, idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və başqa çıxış edənlər ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən söz açıblar.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Virtual Qarabağ İKT Mərkəzi ilə birlikdə keçirdiyi videokonfrans isə Şuşasız 28 il mövzusuna həsr olunub. Virtual Qarabağ İKT Mərkəzinin rəhbəri Nurəddin Mehdiyev mərkəzin fəaliyyəti barədə məlumat verib, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılması istiqamətində aparılan işlərdən danışıb.

 

Regional idarənin mətbuat katibi Xəyal Nağıyev, Ağstafa MKS-nin direktoru Solmaz Nağıyeva, Qazax rayon 1 saylı Musiqi məktəbinin müəllimi Leyla Məmmədovanın çıxışları dinlənilib. Çıxışlarda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə inam ifadə olunub.

 

***

 

UNİCEF Azerbaijan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, Avropa İttifaqının (Aİ) maliyyə yardımı ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Ağcabədi rayonunda icra olunan İnteqrasiya olunmuş sosial xidmətlər modeli layihəsi çərçivəsində UNİCEF-in təşəbbüsü ilə COVİD-19 virusu haqqında əhali arasında məlumatlılıq səviyyəsinin artırılması üzrə işlərə Ağcabədi Regional Mədəniyyət İdarəsi də dəstək olub. Maarifləndirmə kampaniyasında Ağcabədi Regional Mədəniyyət İdarəsi və Ağcabədi rayon MKS-nin əməkdaşları da yaxından iştirak ediblər.

 

Yeri gəlmişkən, Ağcabədi MKS və kitabxana filiallarının işçiləri səyyar kitabxana fəaliyyətinə başlayıb. Karantin dövründə əməkdaşlar ailələrə baş çəkərək onları istəklərinə uyğun kitablarla təmin edirlər.

 

***

 

Mingəçevir şəhər gənc mədəniyyət işçiləri və mədəniyyət könüllülərinin iştirakı ilə videokonfrans keçirilib. Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Orxan İbrahimov karantin dövründə görülmüş işlərdən, reallaşdırılacaq layihələrdən danışıb. Gənc mədəniyyət işçiləri arasında əlaqələrin qurulması və onların virtual müstəvidəki fəaliyyətlərinin aktivləşdirilməsinin, Azərbaycan mədəni irsinin təbliğində rolunun artırılmasından bəhs olunub. Gənclərin sual və təklifləri dinlənilib. Yeni ideya və təkliflər ətrafında müzakirə aparılıb.

 

***

 

Koronavirus təhlükəsi ilə əlaqədar insanların gigiyena qaydalarına ciddi riayət etməsi böyük əhəmiyyət kəsb edir. Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən 6 min ədəd tibbi maska alınaraq sakinlərə paylanılıb. İlkin mərhələdə XaçmazQuba rayonlarının bir qrup sakininə tibbi maskalar təqdim edilib. Aksiya regional idarənin əhatə etdiyi digər rayonlarda da həyata keçiriləcək.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 15 may.- S.4.