Xəzərin sahilindən dünya ekranlarına

 

Paytaxt Bakının qədimliyi, gözəlliyi, təbii sərvətləri hər zaman müxtəlif ölkələrdən alim və səyyahların, XIX əsrin II yarısından etibarən isə adamlarının marağını cəlb edib. Milli kino salnaməmiz də xarici kinematoqrafların Bakıda çəkdiyi lentlərlə başlanıb.

 

İllər ötdükcə şəhərimizin yaradıcılıq, sənət cazibəsi daha da artıb. Yerli kino mütəxəssisləri ilə yanaşı, xarici rejissorlar da film çəkilişləri üçün tez-tez bu şəhəri seçiblər. Qədim İçərişəhər, möhtəşəm saraylar, qalalar, nəhayət, mavi Xəzər bu mənada yaradıcılıq üçün mühüm amillər idi. Buna görə də bir çox məşhur xarici filmlərin çəkilişi Bakıda aparılıb. Bu yazıda onların bir neçəsindən söz açacağıq.

 

İlk olaraq Vladimir KorenyevAnastasiya Vertinskayanın əsas rollarda çəkildiyi, 1961-ci ildə ekranlaşdırılan “Amfibiya adam” filmindən başlayaq. Quruluş müəllifləri rejissorlar  Vladimir ÇebotaryovGennadi Kazanski olan filmin bir çox epizodları Bakıda lentə alınıb. İxtiandrın (balıq-adam) filmdə ilk dəfə şəhərə çıxdığı yer Amerikanın, Qərbin yox, Bakının bir guşəsidir.

 

Filmin maraqlı yaranma tarixi var. V.Çebotaryov yazıçı Aleksandr Belyayevin məşhur  “Amfibiya adam” fantastik əsərinə (ssenari müəllifləri –  Akiva Qolburt, Aleksandr Ksenofontov, Aleksey Kapler) təsadüfən müraciət edib. O, sənətdə yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusunda idi. “Lenfilm” kinostudiyasında bir neçə ssenari ilə tanış olarkən onların arasında “Amfibiya adam” daha çox diqqətini cəlb edir. Ssenari o qədər qəliz idi ki, 10 il müddətində çəkiliş üçün yer tapmaq mümkün olmamışdı. Yalnız 1961-ci ildə V.Çebotaryov G.Kazanski filmin bir hissəsini paytaxtımızda çəkmək qərarına gəlirlər. Film üçün Bakı ideal bir yer idi, çünki ssenari üzrə hadisələr həm quruda, həm dənizdə cərəyan edirdi.

 

Film SSRİ ondan kənarda böyük müvəffəqiyyət qazanır. SSRİ Mədəniyyət naziri Y.Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırmışdı. Ekranlara çıxdığı ilk yarım il ərzində filmə 65 milyon tamaşaçı baxmışdı.

 

“Amfibiya adam” azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə Bakı sakinləri çəkilib.

 

***

 

Rusiya istehsalı olan “Aybolit” (1966) filminin əsas səhnələri Bakıda Xəzər dənizində çəkilib. Ssenari müəllifləri R.Bıkov V.Korostılyev olan film musiqili nağıl-komediyadır.

 

Rejissor Rolan Bıkov tərəfindən ekranlaşdırılan film 30-dan artıq dildə yayımlanıb dövrünün ən baxımlı uşaq filmlərindən hesab olunur.

 

***

 

Müxtəlif ölkələrdən turistlərin Bakıya gəlməsinə səbəb olan, bu gün sevilən “Brilyant əl” kinokomediyası 1968-ci ildə “Mosfilm” kinostudiyasında çəkilib. Rejissoru Leonid Qayday olan ekran əsəri nümunəvi işçi olan Semyon Seymonoviç Qorbunkov kruiz laynerdə Şərq ölkəsinə səfəri səfərdən sonra başına gələnlərdən bəhs edir.

 

Kinosevərlərin bu gün maraqla izlədiyi, ölməz sənətkarlar Yuri Nikulin Andrey Mironovun baş rolları ifa etdiyi filmin ən yaddaqalan səhnələri İçərişəhərdə lentə alınıb.

 

***

 

1980-ci ildə SSRİ, ABŞ Britaniya rəhbərlərinin İkinci Dünya müharibəsində ilk görüşündən bəhs edən “Tehran-43” filminin çəkilişləri başlayır. SSRİ, Fransa, İsveçrə İspaniyanın birgə reallaşdırdığı filmin bir hissəsi Tehranda lentə alınmalı idi. Lakin həmin il İran-İraq müharibəsi başladığından rejissorlar filmin Tehran hissəsini Bakıda çəkməyə məcbur olurlar.

 

Rejissorları Vladimir NaumovAleksandr Alov olan film 1981-ci ildə ekranlara çıxır. Ssenari müəllifləri Mixail Şatrov, Aleksandr Alov, Vladimir Naumovdur. Dünya şöhrətli fransız aktyoru Alen Delonun da çəkildiyi bu kinolent tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

***

 

Paytaxtımızın qismətinə Hollivudun ən məşhur ekran nümunələrindən olan “Ceyms Bond” silsiləsindən bir film də yazılıb. “Dünya kifayət deyil” filminin bəzi səhnələri Bakıda – Xəzərin sahilində və neft buruqları olan məkanlarda lentə alınıb. Li Tamahorinin çəkdiyi filmdə əsas rolu irlandiyalı aktyor Pirs Brosnan ifa edib.

 

Filmin süjet xətti belədir: Robert King adlı çox zəngin bir neft kralı beynəlxalq bir terrorçunun təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Sahibkarın qızını təhlükələrdən qorumaq tapşırılan Ceyms Bond Xəzər dənizinə İstanbula səfərlər edərək terrorçunu  dayandırmağa çalışır...

 

P.S. Paytaxtımız daha neçə-neçə filmin çəkiliş meydanı olub. Biz sadəcə ən populyar filmləri xatırladıq. Ancaq inkişaf etmiş infrastruktura malik, tarixlə müasirliyin qovuşduğu Bakı şəhəri yeni-yeni ekran əsərlərinin çəkilə biləcəyi maraqlı məkandır.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 1 may.- S.5.