Təvazökar xanımın ecazkar sənəti

Fövqəladə aktyorluq məharətinə sahib olmaq böyük xoşbəxtlikdir. Bununla yanaşı, yüksək insani keyfiyyətlərə malik olmaq bu cəhətləri sənətə daşımaq, məsləyində təcəssüm etdirmək deməkdir. Teatrkino sənətimizin unudulmaz simalarından olan respublikanın Əməkdar artisti Ətayə Əliyeva da bu keyfiyyətləri hər zaman sevib-seçdiyi məsləyində dərindən təcəssüm etdirdi.

 

Ətayə Əliyevanın adı çəkiləndə, ələlxüsus da kino obrazlarını xatırlayanda mehriban xarakterli, xoşsimalı xanım yada düşür. Buna onun yaratdığı rolları da rəvac verir. Aktrisanın az, amma dolğun, yaddaqalan kino obrazlarının dərin sevgi hissi ilə xatırlanmasının səbəbi ilk növbədə onun özünün sənətə olan məhəbbətindən qaynaqlanır.

 

Sənətə kiçik yaşlarından bağlanan Ətayə xanım Bir ömürlük xatirə və ya... kitabında (müəllif Rəhilə Soltanqızı) yer alan xatirələrində bu məhəbbəti belə xarakterizə edib: Bir dəfə atam bizi tamaşaya apardı. Mənim beş yaşım vardı. O zaman Bakıdan Aşqabada (Ətayə xanım ailəsi bu şəhərdə yaşayırdı red.) qastrola gələn aktyorlar tamaşa verirdilər. Tamaşanın adı yadımda deyil, amma o yadımdadır ki, cavan bir aktyor yaxasına qızılgül taxmışdı və mənə elə gəlirdi ki, o çox gözəl oynayırdı. Tamaşa qurtardı və mən evə getmək istəmirdim. Elə bil ayaqlarım yerə mıxlanmışdı. Nə isə... Məktəbimizdə dram dərnəyi açılanda mən bu dərnəyə üzv yazıldım. Dərnəyin ilk tamaşasında (Laçın yuvası) mənə Pəricanın rolunu tapşırdılar. Tamaşa boyunca çox həyəcan keçirirdim və titrəyirdim, amma sözlərimi deyirdim (onda mənim 13 yaşım vardı). İkinci tamaşada isə daha sərbəst oldum....

 

Ətayə xanım xatirələrində daha sonra deyir: 1933-cü ildə Aşqabadda olan Qarabağlar məscidinin binasında teatra yer verdilər. Bu teatra o zaman Rza Əfqanlı xanımı Bədurə ilə rəhbərlik edirdi. Sənətə həvəs məni gətirib teatra çıxartdı. Məşqlərdə Rza Əfqanlı məndən razı qaldı. Dedi ki, səndən gələcəkdə yaxşı aktrisa ola bilər. Səhnə müqəddəsdir. Səhnə məbəddir. Gərək ona sadiq qalasan, eyni zamanda teatr təhsili alasan.

 

1934-cü ilin sentyabr ayında Bakıya gəlib Teatr Texnikumuna daxil olan Ətayə Əliyeva Fatma Qədrinin kursunda təhsil alır. Aktrisa Akademik Dram Teatrında ilk rolunu isə belə xatırlayır: O vaxt teatrın baş rejissoru Tuqanov idi. Mənə dedi ki, sən qoçaq qıza oxşayırsan. Gərək bizə kömək edəsən. Sabah Şeyx Sənan tamaşasında Tamara xanımın rolunu oynayarsan, Zəhra obrazını. Sözlərini bilirsən? Dedim bilirəm. Yoxladılar. Gördülər ki, rolu əzbərdən bilirəm. O gün ömrümün unudulmaz və əlamətdar günüydü. Şeyx Sənan rolunu böyük aktyor Abbas Mirzə oynayırdı. Mən Şeyx Sənan ilə vida səhnəsində həyəcandan titrəyirdim. Birinci səhnə qurtaran kimi nəcib və gözəl insan Abbas Mirzə özü mənə yaxınlaşıb təbrik etdidedi: Səhnədə niyə titrəyirdin? Rolu çox gözəl oynadın.

 

Xatirələrindən də göründüyü kimi, teatr fəaliyyətinin ilk vaxtlarından etibarən bir çox tamaşalarda görkəmli səhnə ustalarından Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov, Möhsün Sənani və başqa peşəkar sənətkarlarla tərəf-müqabil olan aktrisa il-ildən sənət təcrübəsini püxtələşdirib, gərgin, dinamik yaradıcılıq mühitində sənətini, sözün əsl mənasında, həyatın inikasına çevirib.

 

Yazıçı Lion Feyxtvangerin sənət haqqında gözəl bir deyimi var: Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır. Səhnədə və ekranda təbii, dolğun oyun ifa edən, diksiyasında sadə, saf danışıq üslubunu təcəssüm etdirən aktrisanın yaradıcılığını izləyərkən, görkəmli sənətkar Mustafa Mərdanovun təbirincə desək, özümüzü daima Azərbaycan ailəsində hiss edirik.

 

Müxtəlif illərdə fərqli teatrların (İrəvan Azərbaycan Dövlət Dram Teatrı, Akademik Dram Teatrı, Gəncə Dram Teatrı) səhnəsində yerlixarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda fərqli xarakterli rolların öhdəsindən bacarıqla gələn aktrisanın məharətini teatr ictimaiyyəti və tamaşaçılar rəğbətlə qarşılayır, sevirdilər. Teatrda böyük yaradıcılıq təcrübəsi toplayan aktrisa ilk kino obrazından etibarən qəlblərə yol aça, uğur qazana bildi.

 

Kinoda debütü Onu bağışlamaq olarmı? filmində edən Ətayə Əliyevanın bir filmdəki müxtəlif xarakterli iki rol (leytenant Qarayeva, Sara xala) oynaması teatral fəaliyyətinin zənginliyinə görə onu heç də çətin sınaq qarşısında qoymadı. Çünki görkəmli rejissor, ustad pedaqoq Rza Təhmasib Ətayə Əliyeva yaradıcılığına, eləcə də filmə dəvət etdiyi digər aktyorların potensialına yaxşı bələd idi. Buna görə də məzmun tamlığına uyğunlaşdırılmış məntiq və mənaların fonunda hiss və emosiyaların bolluğu zəminində çatdırılan fikirlər, mesajlar ekran əsərinin bədii keyfiyyətinin tamlığına xidmət etdi, filmin uğurunu illərlə qoruyub saxladı.

 

Leytenant Qarayeva obrazının filmin aparıcı qüvvəsi olduğunu tamaşaçı filmin finalında kəşf edir. Hadisələrdəki ziddiyyətlərin açılmasına çalışan, buna zəmin yaradan Sara xalanın rola uyğunlaşdırdığı ifadə və jestləri sadə, avam ev qadını timsalında hadisələrin axıcılığına rəvac verir, rəng qatır. İlk baxışda sərt və qaradinməz görünən leytenant Qarayeva və dilli-dilavər, mehriban, səmimi evdar qadın rolunu ustalıqla oynaması, fərqli, maraqlı metodlardan, xarakterik səs tembrindən istifadə etməsi rejissor və müəllif fikrini tamlıqla tamaşaçıya çatdırmış oldu.

 

Bundan başqa, aktrisanın Bizim küçə kino dramında oynadığı Bəyim xala, Telefonçu qız lirik-psixoloji filmindəki Simuzər, Dağlarda döyüş hərbi-vətənpərvərlik filmində Qəmbərin arvadı və televiziya tamaşalarında oynadığı xarakterik rollarının, eləcə də bir neçə filmdə səsləndirdiyi ekran obrazlarının uğuru insan mənəviyyatının yüksəlişinə, sənətin ali səviyyədə təqdim və qəbul olunmasına hesablanıb.

 

İstedadlı aktrisanın xarakterik kino obrazlarını xatırladıqca ekran personajlarının az olmasına təəssüflənir, kinorejissorların belə peşəkar səhnə bilicisinin yaradıcılıq imkanlarından xəsisliklə istifadə etməsinə təəccüblənirsən.

 

Ətayə xanım ələlxüsus da kinoda ana rollarının mahir ifaçısıdır. Obrazlar məzmun və ifa baxımından tamamilə fərqli manerada, üslubçalarlarla oynanılıb. Aktrisa fərdi yaradıcılığına xüsusi boyalar, cizgilər əlavə etməklə rolların xarakterik cəhətlərini fərqləndirib, həyat mövqeyini, daxili hiss və düşüncələrini bənzərsiz təqdim etməyə nail olub.

 

Akademik Dram Teatrının səhnəsində və televiziya tamaşalarında Ətayə xanımla tərəf-müqabil olan Xalq artisti, unudulmaz aktrisa Amaliya Pənahova Ətayə xanım haqqında olan müsahibəsində demişdi: Ətayə xanımın öz məktəbi vardı. Onda özünəməxsus bir üstünlük vardı. Sənətə vurğunluğundan, millətinə istəyindən o, səhnədə elə ifa eləyirdi ki, hər hansı bir tamaşaçı zaldan gedəndə özü ilə onun işığını, xeyirxahlığını aparırdı. Belə sənətkar olmaq xoşbəxtlikdir.

 

Aktrisanın istər teatrda, istərsə də kinoda mövzu və janrın təbiətinə uyğun bədii formada, fərqli üslubda yaratdığı bütün rolları daima sənətin yüksəlişinə, ölməzliyinə hesablanıb. Tanınmış kinorejissorlardan Həsən Seyidbəyli, Arif Babayev, Əlisəttar Atakişiyev, Kamil Rüstəmbəyov və başqaları aktrisanın yaradıcılıq imkanlarının genişliyinə, sənət üçün olan gərəkliyinə istinadən onu çəkdikləri filmlərinə dəvət edirdilər. Aktrisanın təvazökar, eyni zamanda səmimi, hərarətli yaradıcılığında olan, tamaşaçını özünə cəlb edən xüsusi doğmalıq, istilik də gözlənilən nailiyyətlərə səbəb yaradırdı.

 

Aktrisanın sevilən kino qəhrəmanlarından biri də Uşaqlığın son gecəsi filmindəki Mənsurə obrazıdır. Mənsurə sakit təbiəti daxilində həyat fəlsəfəsini həyata baxış formasına, yaşam tərzinə görə mizanlayan, ailə dəyərlərini, övlad sevgisini mərhəmətli, şəfqətli ana məntiqinə uyğun nizamlayan qadındır. Filmdə Mənsurənin yaxın keçmişi xatırlayan, filmin lirik musiqi sədaları altında ahəngdar səslənən bir xatirə epizodu var. Bu epizodun fonunda aktrisa sanki insan həyatına yazılan ömür payının hər bir anının zamanı gəlincə xoş xatirəyə çevrilə biləcəyini, ailə dəyərləri çərçivəsində yaşanan illərin kövrək, ən əziz xatirə olacağını diktə edir. Bu mənada sakit təbiətli təvazökar rolun təfsirində həzin, lirik monoloqunda (tövsiyəsində) insan həyatının, dəyərinin, mənasının, hikmətinin fərqinə varırıq.

 

Azərbaycan qadınının nəcib, mehriban, xanım-xatın, zəhmətkeş, qayğıkeş xüsusiyyətlərini yaradıcılığına yansıdan aktrisanın şəxsi keyfiyyətlərinin müsbətliyi, fərdi cəhətlərinin gözəlliyi ecazkar sənətinin fonunda öz-özünü ifadə edir. Belə olduqda isə qəlbimizdə, yaddaşımızda xəfif təbəssümlü, xoşsimalı xanım kimi əbədiləşən unudulmaz aktrisamıza Allahdan rəhmət diləyərək, onu böyük ehtiramsevgi hissiylə xatırlamaq qalır...

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2020.- 1 may.- S.7.