Regional mədəniyyət idarələrinin tədbir və layihələri

Təxminən ayyarımdır davam edən sosial təcrid rejimində regionlardakı mədəniyyət müəssisələri də fəaliyyətlərini mövcud şəraitə uyğun quraraq əsasən internet, sosial platformalar üzərindən virtual layihələr reallaşdırır, həmçinin müxtəlif təşəbbüslər həyata keçirirlər.

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin rəhbərlərinin iştirakı ilə aprelin 28-də təşkil olunan növbəti videokonfransda da mövcud vəziyyətdə fəaliyyət imkanları, qarşıda duran vəzifələr müzakirə olunub.

 

Regional idarənin rəisi Mirvari Zeynalova həmçinin faşizm üzərində qələbənin 75 illik yubileyi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı hazırlıq işlərinin görülməsi, mədəniyyət müəssisələrinin Mədəniyyətimizi virtual məkanda tanıdaq müsabiqəsində aktivliyinin artırılması kimi məsələləri videokonfrans iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra mədəniyyət müəssisələri rəhbərlərinin çıxışları dinlənilib.

 

Regional idarənin təşəbbüsü ilə Evdə mədəniyyətimizi yaşadaq və Mədəniyyət birlikdir kimi layihələr çərçivəsində musiqili təqdimatlar da davam edir. Bu dəfə Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Hakim Əkbərovun ifasında şəhərin mərkəzindəki çoxmənzilli yaşayış binalarından birinin eyvanında sakinlər üçün konsert təqdim olunub. Sakinlərin eyvandan dinlədiyi musiqi nömrələri onlara xoş əhval-ruhiyyə bəxş edib.

 

Bu günlərdə Şəki şəhər 2 nömrəli Musiqi məktəbinin şagirdləri üçün onlayn ustad dərsi də təşkil olunub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xormeysteri, Əməkdar müəllim Zenfira Nurullayevanın onlayn ustad dərsi maraqla qarşılanıb. Şagirdlərin sualları cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

 

***

 

Oğuz rayon MKS karantin rejimi dövründə fəaliyyətini onlayn rejimdə qurub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başladılan Evdə qal, evdə yarat kampaniyasına qoşulan kitabxana tərəfindən yaradıcı insanların bacarıqları Facebook səhifəsi vasitəsilə nümayiş olunub.

 

Kitabxana tərəfindən sosial şəbəkə səhifəsində mütəmadi olaraq müxtəlif elektron kitablar (PDF), maraqlı cizgi filmləri paylaşılır. Əməkdaşlar tərəfindən Vətən bizim and yerimizdir, Koronavirusla ön cəbhədə layiqincə xidmət göstərən həkimlərə, tibb bacılarına və polislərə dəstək videoçarxları hazırlanaraq MKS-nin Facebook səhifəsində təqdim olunub. MKS-nin sosial şəbəkə səhifəsində yeni Kitabsevərlər qrupu da yaradılıb.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibovanın iştirakı ilə onlayn iclas keçirilib. İclasda regional idarənin rəisinin tapşırıqları diqqətə çatdırılıb. Vurğulanıb ki, mərkəzin tabe müəssisələri Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələrə qoşularaq bu sahədə aparılan işlərin əhatəsini genişləndirməlidirlər.

 

***

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərzilik kursunun üzvləri tərəfindən qoruyucu tibbi maskalar hazırlanaraq ehtiyacı olan sakinlərə paylanılıb. Abşeron rayon Mədəniyyət Mərkəzinin və onun filiallarında fəaliyyət göstərən dərzilik kursları üzvlərinin də hazırladıqları 250 maska ehtiyacı olan ailələrə göndərilib.

 

***

 

Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı aprelin 28-də virtual tamaşa təqdim edib. Çoxillik səhnə təcrübəsi və zəngin repertuara malik kollektiv bu dəfə virtual izləyicilərin görüşünə yazıçı-publisist Nurəddin Ədiloğlunun Şəhidlər anası əsəri əsasında hazırlanan səhnə əsəri ilə gəlib.

 

Teatrın baş rejissoru Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşada şəhid anası övlad itkisi doğma yurd nisgili ilə yaşasa da, gələcəyə nikbin baxır, bir gün yenidən öz torpaqlarına qayıdacağına ümid edir. Səhnə əsərində Cəmaləddin Əliyev, Aybəniz Həsənova və Cavid Quliyev rol alıb.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon C.Qaryağdıoğlu adına 1 saylı Uşaq musiqi məktəbinin müəllim kollektivi karantin qaydalarına uyğun şəkildə Bilgəh qəsəbəsindəki pansionatda ahıl sakinləri üçün canlı konsert proqramı təşkil edib. İki saata yaxın davam edən konsertdə şən musiqilər səsləndirilib. Konsert İnstagramFacebook sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb, izləyənlər tərəfindən maraqla qarşılanıb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi də sosial izolyasiya günlərində Musiqili eyvan adlı silsilə səyyar konsertləri davam etdirir. Növbəti belə konsert Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki çoxmərtəbəli yaşayış binasında təşkil olunub.

 

Qazax rayon Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxana, 1 və 2 nömrəli musiqi məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən konsert sakinlər tərəfindən maraqla qarşılanıb. Səsləndirilən ifalar, aşıq havaları öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin rəhbərləri və baş məsləhətçilərinin iştirakı ilə aprelin 30-da videokonfrans keçirilib.

 

İdarənin rəisi Elman Məmmədov mövcud şəraitdə əhaliyə mədəni xidmətin göstərilməsi və bu sahədə qarşıda duran vəzifələrdən danışıb, o cümlədən elektron kitabxanaların təşkili və kitabxanalarda virtual müsabiqələrin keçirilməsinin zəruriliyindən bəhs edib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin işçiləri karantin rejimində yaşı 65-dən yuxarı vətəndaşların evdən çıxma qadağasını nəzərə alaraq ehtiyacı olan ailələrə sosial yardım kampaniyasına qoşulublar. Regional idarənin əhatə etdiyi Füzuli rayon Mədəniyyət evinin, Əhmədalılar kənd Mədəniyyət evinin əməkdaşları aztəminatlı ailələrə baş çəkərək onların səhhəti ilə maraqlanıb və maddi yardım göstəriblər.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 1 may.- S.4.