Muzeylərin layihələri davam edir

Koronavirus infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimində insanların evdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkəmizin aparıcı muzeyləri fəaliyyətini virtual şəkildə rəngarəng layihələrlə davam etdirir.

 

Azərbaycan Milli Xalça Muzeyi Sənətə həsr olunmuş ömür rubrikası çərçivəsində tanınmış xalçaçı-rəssam və sənətşünasların onlayn tanıtımını həyata keçirir. Layihə üzrə Azərbaycan və Rusiya Rəssamlar ittifaqlarının üzvü, Xalq rəssamı Eldar Mikayılzadə və AMEA Memarlıq və İncəsənət İnstitutu Qafqaz Albaniyasının memarlıq və incəsənəti şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın həyat və yaradıcılığı ilə bağlı materiallar muzeyin sosial şəbəkə səhifəsi üzərindən paylaşılıb.

 

Muzeyin Xalça məmulatları kolleksiyamızdan rubrikasında bu dəfə xurcun haqqında məlumat izləyicilərə təqdim edilib. Muzeyin nəşrləri rubrikasında isə Təsviri və dekorativ-tətbiqi sənət məsələləri toplusunun növbəti xüsusi buraxılışında yer alan Keçə sənətində kəsişmə nöqtələri - III Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpoziumunun materialları nümayiş olunub.

 

***

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz sosial şəbəkə səhifəsində 29 aprel - Beynəlxalq Rəqs Günü ilə əlaqədar məlumat təqdim edib. Məlumatda bildirilir ki, bu əlamətdar gün bütün rəqs dünyası operabalet teatrları, müasir rəqs truppaları, xalqmüasir rəqs ansamblları, peşəkar və özfəaliyyət artistləri tərəfindən qeyd edilir. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverin (1727-1810) doğum günündə qeyd olunur.

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında Azərbaycan rəqs məktəbi, baletmilli rəqslərimiz, rəqs ustadlarımız haqqında materiallar qorunur. Beynəlxalq Rəqs Günü ilə əlaqədar onlardan bəziləri təqdim edilib.

 

Muzeyin Xatirə rubrikasında görkəmli tarzən, Xalq artisti Hacı Xanməmmədovun 100 illik yubileyi ilə bağlı paylaşım edilib.

 

Mədəniyyət kanalı ilə Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi Bizi birləşdirən mədəniyyət layihəsi çərçivəsində xalq artistləri Vasif Adıgözəlov və Xəyyam Mirzəzadəyə həsr olunmuş telehəftə günlərində muzeyin arxivindən bu görkəmli bəstəkarlarla bağlı materiallar da təqdim edilir.

 

Faşizm üzərində qələbə uğrunda rubrikasında isə bu dəfə Niyazinin Böyük Vətən müharibəsi illərində fəaliyyətinə dair materiallar onlayn nümayiş olunub.

 

***

 

Azərbaycan Milli İncəsənət Muzeyi öz Facebook səhifəsində Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilən Xalq rəssamı Nadir Əbdürrəhmanovun yaradıcılığı ilə bağlı paylaşımlar edilib. Həmçinin Xalq rəssamı Rasim Babayevin sənət dünyası və Reyhan Topçubaşovanın Toy rəsminin təhlili də izləyicilərə nümayiş olunub.

 

Sən də öz kollektivinlə evdə qalaraq bizə dəstək ol layihəsində uşaqlar çəkdikləri rəsmləri muzeyin Facebook səhifəsində paylaşıblar.

 

***

 

Muzey Mərkəzi virtual layihələrini davam etdirir. Xalq rəssamı Nadir Qasımovun 80 illiyinə həsr olunmuş fərdi yubiley sərgisi, eyni zamanda Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovanın 2008-ci ildə Muzey Mərkəzində təşkil olunan Nardarana baxış fotosərgisi barədə materiallar sosial şəbəkədə izləyicilərə təqdim edilib.

 

L.AZƏRİ

 

 

Mədəniyyət.- 2020.- 1 may.- S.3.