Etnoqrafiya və muzeylər mövzusunda vebinar

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunan Etnoqrafiya və muzeylər mövzusunda vebinar keçirilib.

 

İctimai birliyin sədri, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlillinin moderatorluğu ilə keçən vebinarda Türkiyənin Konya Mövlanə Muzeyinin direktor müavini Naci Bakırcı və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın məruzələri dinlənilib.

 

Naci Bakırcı Mövlanə Muzeyinin yaranması, muzeydə qorunannümayiş olunan etnoqrafik materiallar, Mövlanə Cəlaləddin Rumiyə və digər mövləvilərə məxsus əşyalar və Osmanlı dövründən başlayaraq bu günə qədər Konya muzeylərinin qısa tarixçəsindən danışıb.

 

Gülzadə Abdulova Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik əşyaların cəlb edilməsi, onların saxlanılma vəziyyəti və ekspozisiyalarda nümayişindən söz açıb. Milli geyimlərin qorunmasının əhəmiyyətini vurğulayan məruzəçi bu sahədə pərakəndəliyin olduğunu, milli geyim adı ilə tikilən geyimlərin əksəriyyətinin milli geyimlərimizlə heç bir əlaqəsinin olmadığını deyib.

 

Vebinar müzakirələrlə davam etdirilib. Müzakirələrdə muzeylərin ekspozisiyasının onlayn təqdimatı, milli geyimlərin qorunmasının yolları, türk geyimlərinin Mərkəzi Avropada yayılması, Azərbaycanın erməni işğalı altında olan Laçın bölgəsinə məxsus etnoqrafik materiallar, Mövlanə Muzeyində qorunan Şəms Təbriziyə aid əşyalar və s. mövzulardan söz açılıb.

 

Mədəniyyət.- 2020.- 20 may.- S.3.