Ədəbiyyat Muzeyinin Aran regional filialında açıq qapı günü

18 may Beynəlxalq Muzeylər Günü bu il alışmadığımız formatda virtual məkanda olsa da müxtəlif layihə və təqdimatlarla qeyd edilir.

 

Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunan bayramın builki devizimövcud vəziyyətə (hər kəs üçün bərabər virtual imkanlar) uyğundur: Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik.

 

Digər tərəfdən, 18 may tarixindən karantin rejimində növbəti yumşalmanın muzeyqalereyalara da şamil edilməsi bəzi tədbirləri real məkanda keçirməyə də imkan yaratdı.

 

Beynəlxalq Muzeylər günündə AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinimuzeyin filiallarını ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə muzeydə virtual açıq qapı təşkil olunub.

 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir şəhərindəki Xaqani Şirvani adına Aran regional filialında isə real olaraq karantin qaydalarına əməl etməklə açıq qapı günü keçirilib. Gün ərzində rayonun mədəni-maarif müəssisələrindən, idarə və təşkilatlardan xeyli sayda ziyarətçilər muzeyin qonağı olublar. Muzeyin əməkdaşları ziyarətçiləri ekspozisiya ilə tanış ediblər və klassik ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında geniş məlumat veriblər. Ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirib, rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.

 

 

Mədəniyyət.- 2020.- 20 may.- S.4.