Muğam ustadları” layihəsində

 

 

Arif Babayevin yaradıcılığından bəhs edilib

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyiBizi birləşdirən mədəniyyət” layihəsi hər həftə müxtəlif sənətkarlara həsr olunmuş təqdimatlar, konsert proqramları ilə davam edir.

 

Ötən həftə (11-17 may) “Bizi birləşdirən mədəniyyət”in “Muğam ustadları” layihəsi ustad xanəndə, Xalq artisti Arif Babayevə və görkəmli tarzən, Xalq artisti Bəhram Mansurova həsr olunub.

 

Beynəlxalq Muğam Mərkəzindən (BMM) birbaşa yayımlanan verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova Arif Babayevin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açıblar.

 

Diqqətə çatdırılıb ki, şeir, sənət ocağı, istedadlar diyarı, qədim tarixə malik Qarabağ torpağı Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin məskənidir. Azərbaycanın Qarabağ bölgəsində zəngin ənənəyə malik olan xanəndəlik sənəti şərəfli tarixi inkişaf yolu keçib. Qarabağ xanəndələri Azərbaycan muğamlarını, təsnif və mahnılarını nəsildən-nəslə ötürərək müasir dövrümüzədək gətirib çatdırıblar. Yeni xanəndə nəsilləri muğam ustadlarının zəngin irsini qoruyub saxlamaqla yanaşı, həm də ondan bəhrələnib və bu xəzinəyə öz töhfələrini bəxş ediblər. Onların hər biri Azərbaycan milli musiqi mədəniyyətində dərin izlər qoyub. Belə sənətkarlardan biri də Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Arif Babayevdir.

 

Vurğulanıb ki, sənətkar öz yaradıcılığında nəinki gözəl xanəndə kimi, həm də bir pedaqoq kimi geniş fəaliyyət göstərən muğam ustadıdır. Verilişdə “Şöhrət” və “İstiqlalordenli xanəndənin sənət yolu mərhələli şəkildə təhlil olunub.

 

Proqramda Arif Babayevin tələbələri – əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara) müşayiət edib.

 

 

Mədəniyyət.- 2020.- 20 may.- S.5.