Kitabxanalar Qələbənin şahidləri

 

Beynəlxalq telekonfrans keçirilib

 

Azərbaycan Milli Kitabxanası mayın 15-də İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının təşəbbüsü ilə gerçəkləşən Kitabxanalar Qələbənin şahidləri mövzusunda keçirilən beynəlxalq telekonfransda təmsil olunub.

 

Onlayn görüşdə İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının beynəlxalq və təhsil fəaliyyəti üzrə direktoru Svetlana Qoroxova, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Belarus Milli Kitabxanasının baş direktoru, professor Roman Motulski, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Milli kitabxanalarının direktorları, Rusiya Prezident Kitabxanası və Rusiya Milli Kitabxanasının əməkdaşları və digər kitabxana təmsilçiləri iştirak ediblər.

 

Onlayn konfransda təqdimatla çıxış edən Kərim Tahirov Milli Kitabxananın əməkdaşları tərəfindən Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə hazırlanmış Böyük Qələbə 75 adlı elektron məlumat bazasını və Şanlı zəfər tariximiz adlı virtual sərgini konfrans iştirakçılarına nümayiş etdirib.

 

K.Tahirov Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Azərbaycan Böyük Vətən müharibəsi illərində adlı ikicildlik fundamental biblioqrafiya və Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində (Azərbaycan və rus dillərində) adlı kitab haqqında da məlumat verib. Direktor eyni zamanda Azərbaycan Milli Kitabxanasının Rusiya Dövlət İncəsənət Kitabxanası və Belarus Milli Kitabxanası ilə birgə planlaşdırılan Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş layihələrin koronavirus təhlükəsi ilə bağlı payızda keçiriləcəyini diqqətə çatdırıb.

 

 

Mədəniyyət.- 2020.- 20 may.- S.7.