Azərbaycan kitabxanaşünaslığının patriarxı

   

 

Azərbaycan təhsilinə, elminə və mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kitabxanaşünaslığının patriarxı, çoxminli kitabxanaçılar ordusunun ağsaqqalı, bu gün kitabxana sahəsində çalışanların demək olar ki, hamısının müəllimi, müəllimlər müəllimi, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, BDU-nun “Fəxri professoru”, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov ömrünün 89-cu ilində vəfat etmişdir.

 

Abuzər müəllim kimi insanlar heç vaxt ölmürlər, dünyalarını dəyişirlər, belə dahi şəxsiyyətlər öz əməllərilə, yaratdıqları və yazdıqları ilə, yetişdirdikləri və əlindən tutub elmin dolanbac yollarında addımlatdığı tələbələrinin hafizəsində əbədiyyətə qovuşurlar. Abuzər müəllim elmdə təkrarolunmaz məktəb – “Abuzər Xələfov məktəbi”ni yaradan, yeni cığır açan bir alim olmuşdur. Onun yaratdığı və dünya kitabxanaşünaslığında, xüsusilə postsovet ölkələrinin kitabxanaşünaslıq elmində hamı tərəfindən qəbul edilən elmi məktəb hələ neçə onilliklər ərzində öyrəniləcək və yaşayacaqdır. Elmin zirvələrinə yol açan, böyük elmi kəşflər edən alimlər, ziyalılar çox olmuşdurindi də vardır. Ancaq bütöv bir elm sahəsini yaradan, yarım əsrdən çox bir müddətdə onu ayaqda saxlayan, ayrıca bir elm sahəsinin inkişafı onun adı ilə bağlı olan, bütöv bir elm sahəsinin və mütəxəssislər ordusunun  ağsaqqalı olan alimlərimiz isə azdır. Bəlkə də barmaqla sayılası qədərdir. Abuzər müəllim məhz belə bir nəhəng şəxsiyyət idi. Böyük alimin özünün yazdığı kimi, bir vaxtlar “ayaqyalın” Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndindən Bakıya gələn gənc oğlan kitabxanaçılıq ixtisasını seçərkən heç təsəvvürünə belə gətirə bilməzdi ki, vaxt gələcək bu sahənin, bu elminbu ixtisasın yaşadıcısı, ağsaqqalı və sözün əsl mənasında, “patriarxı” olacaqdır.

 

Həmişə həyatda da, elmdə də yeni cığır açmaq və hər hansı bir elm sahəsinin təkamül tarixini yazmaq, formalaşdırmaq çox çətin və həm də çox şərəfli olur, ulu Tanrı bu yolu tutanlara şərəf və böyük uğur nəsib edir. Məhz Abuzər müəllim də çətinliklərdən qorxmayaraq bu yolu tutur və Azərbaycanda kitabxana işinin tarixi salnaməsini yaratmağa başlayır və bu sahədə ilk dəfə namizədlik və doktorluq dissertasiyalarını müdafiə edir, cild-cild kitablar yazır, tarix yaradanlardan olur. Azərbaycanda kitabxanaşünaslıq elminin təməlini qoyur, banisi olur, “Abuzər Xələfov kitabxanaşünaslıq elmi məktəbini” yaradır. Bu gün 100 yaşlı Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsinin 4 kafedrasında, respublikamızın aparıcı kitabxanalarında çalışan 100-dən artıq elmi kadrların, demək olar ki, hamısı, o cümlədən bu sətirlərin müəllifi də “Abuzər Xələfov elmi məktəbi”nin yetişdirmələridir. Heç təsadüfi deyildir ki, bu gün Abuzər müəllimi böyük fəxrlə “müəllimlər müəllimi”, “alimlər müəllimi” adlandırırlar. Yaşının bu çağında da o, BDU-nun ilk “Fəxri professorukimi, Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafına öz töhfələrini verməkdə davam etmiş, kitabxanaşünas, biblioqrafkitabşünas elmi kadrlarının hazırlanması işlərinə böyük həvəslə rəhbərlik etmiş, alimlər ordusunun yetişməsi işində öz tələbələri ilə çiyin-çiyinə çalışmış, öz elmi bilik və bacarıqlarını gənclərə həvəslə öyrətmişdir.

 

Professor Abuzər Xələfov həm də Azərbaycanda kitabxanaçılıq təhsilinin təşkilatçısı hesab olunur. Respublikamızda yeganə ali kitabxanaçılıq təhsili verən BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsinin 57 il bundan öncə Filologiya fakültəsinin nəzdində bir şöbədən müstəqil fakültəyə çevrilməsi təşəbbüsü də məhz ona məxsusdur. Görkəmli alim 25 il fasiləsiz olaraq həmin fakültənin dekanı olmuş, müxtəlif illərdə, hələ keçmiş sovetlər dövründə də bu fakültənin, ixtisasın BDU-dan qoparılmasına çalışan məmurların qarşısına sinəsini sipər etmiş, nəinki bu ixtisasın hansısa başqa bir ixtisasın yedəyinə verilməsinə imkan verməmiş, burada yüz nəfərdən artıq alimin bu gün də çalışdığı 4 müstəqil kafedranın yaradılmasına nail ola bilmişdir. Bununla Abuzər müəllim Azərbaycanda kitabxanaşünaslığı bir elm kimi təsdiq etdirməyə nail olmuşdur.

 

Abuzər müəllim 1963-cü ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi və xeyir-duası ilə onlarla mütəxəssis dissertasiya müdafiə edərək elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiyaşünaslıq elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. Ümumiyyətlə, o, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində bir çox ilklərə imza atmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 2 professor, 20-yə yaxın fəlsəfə doktorudosent yetişdirmişdir. Tanınmış alim, eyni zamanda 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında elmi məsləhətçi və ya opponent  kimixüsusi fəallıq göstərmişdir.

 

Abuzər Xələfovun Azərbaycan kitabxanaşünaslığı tarixində ən böyük xidmətlərindən biri və bəlkə də birincisi, ilk dəfə olaraq Azərbaycanda kitabxana işinin tarixinin tədqiqindən ibarətdir. Qədim şumer tayfalarından başlamış bu günümüzədək kitabxana işinin tarixini zərgər dəqiqliyi ilə araşdıran böyük alimin yazdığı çoxcildlik “Azərbaycanda kitabxana işinin tarixi” kitabı yarım əsrdən artıq bir müddətdə bütün kitabxana işçilərinin, kitabxanaşünaslıq sahəsinin bütün tədqiqatçılarının stolüstü kitabına çevrilmişdir və neçə-neçə onilliklər boyu bütöv kitabxanaçılar nəslinin yetişməsində bu əsərlər öz əhəmiyyətli rolunu oynayacaq və müəllifinə şərəf və şöhrət gətirərək, onu tarixdə və onu tanıyanların, tələbələrinin xatirində yaşadacaqdır.

 

Bu gün milli mənəvi dəyərlərimizin saxlanc yeri, mənəviyyat məbədi hesab olunan Azərbaycan Milli Kitabxanasının tarixininilk tədqiqatçısı məhz Abuzər Xələfov olmuşdur. Onun “Azərbaycanda kitabxana işinin tarixi” çoxcildliyində Milli Kitabxananın təşkili üçün göstərilən səylər, həmin kitabxananın yaradılması və inkişafının sonrakı mərhələləri böyük fədakarlıqla arxiv sənədləri əsasında tədqiq olunmuşböyük sevgi ilə qələmə alınmışdır. 2013-cü ildə Milli Kitabxananın 90 illik yubileyi ərəfəsində Abuzər müəllimin “Azərbaycan Milli Kitabxanası” adlı kitabı nəşr olunmuşdur.

 

Abuzər müəllim həm də dövrün, zamanın fövqündə gedən alim olmuşdur, müasir dövrdə kitabxanaşünaslığın qarşısında duran vəzifələrdən, informasiya cəmiyyətində kitabxanaların yeri və funksiyalarından bəhs edən “Kitabxana və cəmiyyət”, “Kitabxanaların kompüterləşdirilməsinin əsasları” kimi elmi əsərlərin və monoqrafiyaların müəllifidir. Yaşının kifayət qədər olmasına baxmayaraq Abuzər müəllim ömrünün son gününədək yazıb-yaratmış və bu günlərdə ömrünün ən gözəl illərini həsr etdiyi və əbədi olaraq əhd-peyman bağladığı Bakı Dövlət Universitetinin bir əsrlik yubileyi ərəfəsində “Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının 100 illiyi” adlı 270 səhifəlik monoqrafiyası nəşr olunmuşdur.

 

Ümumiyyətlə,  Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, professor Abuzər Xələfov çox məhsuldar alim olmuşdur. Onun Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunan ikicildlik biblioqrafiyasında görkəmli alimin qələmindən çıxmış 100-ə yaxın kitab, proqrammonoqrafiya, 400-ə yaxın elmi məqalə, habelə Abuzər müəllim haqqında yazılan 500-ə yaxın müxtəlif yazılar öz əksini tapmışdır.

 

Ondan sonra Milli Kitabxananın tarixinin sonrakı inkişafı dövrlərini tədqiq edən bütün müəlliflər, o cümlədən dosent Almaz Abbasovabu sətirlərin müəllifi də öz əsərlərində Abuzər müəllimin tədqiqatlarına əsaslanmışlar və zənnimizcə, hələ bir çox onilliklər ərzində bu ənənə davam edəcəkdir.

 

Abuzər Xələfov həm də böyük elm və təhsil təşkilatçısı idiuzun illər (1972-ci ildən) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” bölməsinin sədri olmuş, kitabxanaçılıq təhsili sahəsində bütün proqramların və digər elmi-metodik materialların hazırlanması işlərinə rəhbərlik etmişdir. Eyni zamanda uzun müddət Təhsil və Mədəniyyət nazirliklərinin Kitabxana şuralarının üzvü olmuşdur.

 

Abuzər müəllimi əbəs yerə bütün Azərbaycan kitabxanaçılarının ağsaqqalı adlandırmırlar, çünki bu gün ölkəmizin kitabxanalarında çalışan 10 mindən artıq insanın demək olar ki, böyük əksəriyyəti bu böyük alimin tələbələridir, onun xeyir-duası ilə bu sahəyə vəsiqə almışlar, elmimizin və mədəniyyətimizin inkişafı yolunda uğurla çalışırlar.

 

Onun Azərbaycan Respublikasında təhsilin, elmin və mədəniyyətin inkişafındakı xidmətləri respublikamızın rəhbərliyi tərəfindən, o cümlədən xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən və onun elm, mədəniyyət, təhsil siyasətini böyük uğurla davaminkişaf etdirən cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilmişdir. Görkəmli alim “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar elm xadimi” fəxri adları ilə, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

 

Abuzər Xələfovun 85 illik yubileyi respublikamızda, o cümlədən Milli Kitabxanada böyük təntənə ilə qeyd olunmuşdurbu yubiley çərçivəsində keçirilən tədbirlərin birində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Abuzər müəllimi Azərbaycanın “Baş kitabxanaçısı” adlandırmışdır. Ölkəmizin 20 minlik kitabxanaçılar ordusunun önündə gedən, hamımızın ağsaqqalı, Azərbaycan kitabxanaşünaslığının patriarxı, tarix elmləri doktoru, professor Abuzər Xələfov bu adı ləyaqətlə daşımağa haqqı olan bir alim, ziyalı olmuşdur!

 

Amansız ölüm onu sıralarımızdan aparsa da, əziz xatirəsi onu tanıyanların, onunla çiyin-çiyinə çalışan və onun yetişdirdiyi yüzlərlə, minlərlə alim və mütəxəssisin  qəlbində daim yaşayacaqdır.

 

Qəbri nurla dolsun.

 

Kərim TAHİROV

Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor

 

Mədəniyyət.- 2020.- 1 may.- S.1;6.