Fəlsəfi fikir tariximizin görkəmli tədqiqatçısı

 

Azərbaycanın fəlsəfi fikir tarixinin öyrənilməsinə böyük əmək sərf edən, bu sahədə özünəməxsus yol açan görkəmli alimlərimizdən biri də fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi, professor Mehbalı Qasımovdur.

 

Mehbalı Məhəmməd oğlu Qasımov 18 may 1906-cı ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda oxuyur. 19321937-ci illərdə Moskva Tarix-Fəlsəfə İnstitutunun Fəlsəfə fakültəsində təhsil alır. Azərbaycana döndükdən sonra respublikanın ali məktəblərində dərs deyir.

 

Mehbalı Qasımovun gənclik illəri qanlı-qadalı II Dünya müharibəsi illərinə təsadüf edir. Müharibədə çətin döyüş yolu keçirmayor rütbəsində ordudan tərxis olunur.

 

1945-ci ilin ortalarında indiki AMEA-nın Fəlsəfə İnstitutunda işə düzəlir. Bir il sonra Ömər Xəyyamın fəlsəfi dünyagörüşü mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi axtarışlarını böyük səylə davam etdirərək Azərbaycan fəlsəfi, ictimai-siyasiestetik fikir tarixi sahəsində sanballı tədqiqatlar aparır. Ömər Xəyyam rübailərinin fəlsəfi yükü, XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsi, məşhur ədəbi tənqidçi Vissarion Belinski, M.F.Axundzadə və XIX əsr rus inqilabi-demokratik estetikası ilə bağlı tədqiqat əsərləri yazır və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

 

M.Qasımov 1950-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) Fəlsəfə kafedrasının müdiri vəzifəsinə irəli çəkilir. 1956-cı ildə Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda ictimai fikrin inkişafına təsiri mövzusunda doktorluq dissertasiyası yazır. Moskva Tarix-Fəlsəfə İnstitutunda müvəffəqiyyətlə müdafiə edir və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi alır.

 

M.Qasımov tanınmış tədqiqatçı olmaqla yanaşı, həm də qayğıkeş müəllim olub, fəlsəfə sahəsində kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib. Rəhbərlik etdiyi kafedrada aspirant və dissertantların elmi tədqiqat işlərinin yüksək səviyyədə hazırlanmasına münbit şərait yaradıb. O, həmçinin istedadlı gənclərin SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmasına səy göstərib. M.Qasımovun xüsusi diqqəti və qayğısı ilə 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişib. Bu gün Azərbaycanda çalışan qocaman filosof alimlərin bir çoxu həm də onun tələbəsi olub. Araşdırmalarda bildirilir ki, tanınmış alimlərdən Həsən Şirəliyev, Vəli Nəsirov, Adil Nəcəfov, İzzət Rüstəmov və başqaları tələbə ikən filosof alimin qayğısını hiss ediblər. Çünki o, gələcəyinə inandığı gənclərlə müəllim-tələbə münasibətlərindən daha çox dost, yoldaş, ata-oğul münasibəti qurub.

 

Mərhum tarixçi alim Əli Əliyev Əlincə yaddaşı kitabında filosof haqqında yazır: Mehbalı təkcə fəlsəfəni deyil, tarixi, ədəbiyyatı, siyasəti də dərindən bilən universal, sanballı şəxsiyyət idi. Azərbaycanın ədib və şairləri arasında Hüseyn Cavidi daha çox mütaliə edir, Şeyx Sənanı əzbər bilirdi...

 

Mehbalı bu dünyadan gileyli köçdü. Stalin-Bağırov irtica rejimi onun sinəsinə dağ çəkmişdi. İndi məni yandıran odur ki, bu böyük şəxsiyyət SSRİ-nin dağılmasını, doğma Azərbaycanın müstəqillik qazanmasını görə bilmədi....

 

M.Qasımov Azərbaycan xalqının duyğu-düşüncəsini daim qəlbində gəzdirib. Ulusumuzun böyüklüyünü, müdrikliyini əsərlərində vəsf edib. O, Azərbaycan estetik fikir tarixindən monoqrafiyasında bu mövzuya geniş yer ayırıb.

 

Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən M.Qasımov Azərbaycan SSR Nazirlər Soveti yanında Ali Orta İxtisas Təhsili Komitəsinin ictimai elmlər şöbəsinə başçılıq etməklə bərabər SSRİ Ali Attestasiya Komissiyasının fəlsəfə elmləri bölməsinin, Azərbaycan kommunisti jurnalı redaksiya heyətinin üzvü olub. Fəlsəfə elminə verdiyi töhfələrə görə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

 

Professor Mehbalı Qasımov 57 illik ömür payında böyük uğurlara imza atmağa nail olmuşdu. O, elmə, fəlsəfə tarixinin öyrənilməsinə hələ çox dəyərli töhfələr verə bilərdi. 1963-cü ildə dünyasını dəyişən alim yüksək səviyyəli elmi əsərləri xeyirxah əməlləri ilə yaddaşlarda əbədi yer qazanıb.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 22 may.- S.6.