Milli Azərbaycan Tarixi Muzeyində Şuşa xalçaları qorunur

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Şuşa xalçaları qorunur. Erməni silahlı dəstələri ötən əsrdə bir neçə dəfə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Qarabağda qırğın və talanlar törədib, yurd-yuvaları xarabazara çevirib.

 

1918-ci ildə Azərbaycan milli hökumətinə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da belə bir faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər. Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib.

 

Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunub. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: Cənabi möhtərəm Ənvər bəy əfəndi, Cənab Şevket paşa həzrətləri, Cənab Yusif İzzətdin, Sultan Məhəmməd Rəşadxan Xamis həzrətləridir.

 

Digər xalçada isə kiril hərfləri ilə Balama qurban ifadəsi yazılıb. Görünür, onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça Türk komandanları, ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar Balama qurban adlandırılıb.

 

Mədəniyyət.- 2020.- 22 may.- S.6.