Qarabağ elinin maarifpərvər ziyalısı

 

 

XIX yüzilliyin ikinci yarısında Azərbaycanın qədim Qarabağ elində maarif və mədəniyyət inkişafında iz qoyan ziyalılardan söz düşəndə ilk xatırlananlardan biri də Həsənəli xan Qaradağidir. Görkəmli maarif xadimi, təzkirəçi, mütəfəkkir Mir Möhsün Nəvvab bu maarifpərvərdən bəhs edərkən yazıb: “Onların əsli Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gələrək Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub”.

 

Həsənəli xan Qaradaği 28 yanvar 1848-ci ildə Şuşa şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Doğulmamışdan öncə atası vəfat etdiyi üçün atasının adını ona veriblər. O, dayısının, sonra Tiflis şəhərində yaşayan əmisi Məhəmmədhüseyn ağa Qaradağskinin himayəsində böyüyür. 8-9 yaşında yenidən Şuşa şəhərinə qayıdır.

 

Əmisi Həsənəli xanı şəhərdəki rus məktəbinə qoyur. Ehtiyac içərisində yaşayıb təhsil alan Həsənəli xan xatirələrində yazır: “Məktəbdən evə gəldikdə dayımın arvadı sacda bişirilmiş “xamralı” deyilən çörəyin birini əlində iki qatlayıb, sonra bir də qatlayıb dörd hissə etdikdən sonra hissənin birini mənə verirdi. Bu mənim naharım olurdu. Bu nahardan sonra mən dərhal dərs hazırlamağa başlardım. Dərsi hazırlarkən dayımın uşaqları mənə çox vaxt mane olurdular - istehza edib gülürdülər. Çünki çox az vaxtlarda mən onlarla oynamağa gedirdim. Onların hərəkətləri bəzən təhqirə qədər çatırdı. Lakin mən davam edib dərslərimi hazırlamaq üçün sakit və əlverişli yer tapırdım. Mən özümə pilləkənin altında xəlvət yer düzəltmişdim. Qaranlıq olduğu üçün şam yandırıb burada dərs hazırlayırdım...”.

 

Həsənəli xan 1866-cı ildə Şuşa Qəza məktəbini bitirir. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın “Təzə məhəllə” adlanan yerində ev tutur və tək yaşayır. Ərəb, fars dillərini öyrənmək qərarına gəlir. Bunun üçün qonşuluqda yaşayan Mirzə Ələkbər Yusifzadəyə müraciət edir. O, bu dillərlə yanaşı, S.Şirazi, Ə.Firdovsi, N.Gəncəvi, Ə.Xaqani, M.Füzuli və digər şairlərin əsərlərini dərindən mənimsəyir. Bundan sonra onda poeziyaya böyük maraq oyanır, şeir yazmağa başlayır. Bədii yaradıcılıqla bərabər müəllimlik fəaliyyətini də davam etdirir. Araşdırmalarda qeyd olunur ki, Azərbaycan məktəbləri arasında ilk yazı lövhəsi və partalardan istifadə məhz Həsənəli xan Qaradaği tərəfindən tətbiq olunub.

 

Bir müddət sonra əmisi onu Tiflisə aparır. O, Qafqaz canişininin dəftərxanasında məsul vəzifədə çalışan əmisinin dostları Mirzə Əbülhəsən bəy Vəzirov, Mirzə Fətəli Axundzadə, Aleksey Osipoviç Çernyayevski ilə tanış olur. Ancaq o, Tiflis şəhərində çox qalmır, 1878-ci ildə yenidən Şuşaya qayıdır. Burada özünə ikiotaqlı ev alır. Otaqların birini məktəbə çevirir, uşaqlara ana diliriyaziyyatdan dərs keçir. Dərs vəsaiti olmadığından hər günün dərsini ayrıca tərtib edərək öyrədir. Onun dərs dediyi uşaqlar arasında dövrünün görkəmli mədəniyyət xadimləri Zülfüqar Hacıbəyov, Cəlil bəy Bağdadbəyov da var idi. Təşkil etdiyi məşğələlərlə uşaqları Qori Müəllimlər Seminariyasına hazırlayırdı.

 

Araşdırmalarda o da göstərilir ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski 1881-ci ildə azərbaycanlı ziyalıları Tiflisə dəvət edir. Onların qarşısına ana dilində dərslik tərtib etmək məsələsini qoyur. Dəvət olunanlar sırasında Həsənəli xan da var idi. 1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan “Vətən dili” dərsliyində Həsənəli xan Qaradağinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 mənzum əsəri özünə yer tapıb.

 

Həsənəli xan Mir Möhsün Nəvvabın evində təşkil olunan “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) ədəbi məclisində fəal iştirak edib. Əsasən Azərbaycan dilində əsərlər qələmə alıb. Onun fars dilində də bir neçə qəzəli günümüzə gəlib çatıb.

 

Həsənəli xan “Təzkireyi-Qaradaği” adlı kitabın müəllifidir. Kitaba qədim Qarabağ şairlərinin tərcümeyi-halı və əsərlərindən seçmələr daxil edilib. XIX əsrdə yaşamış Sarı Aşıq haqqında ilk məlumatı, 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də məhz  Həsənəli xan Qaradaği olub. O, Şuşada ilk addımlarını atan teatrın inkişafında da özünəməxsus xidmətlər göstərib.

 

Görkəmli maarifpərvər 1888-ci ildə əmisi Məhəmmədhüseyn ağanın xəstə olması ilə əlaqədar Tiflis şəhərinə gedir. Ancaq əmisi çox yaşamır, 1891-ci ildə dünyasını dəyişir. O, ölümündən əvvəl Həsənəli xana qızı Balaxanımla ailə qurmağı vəsiyyət edir. O da əmisinin vəsiyyətini yerinə yetirir. Əmisi qızı ilə bərabər Şuşa şəhərinə qayıdır. Bundan sonra bütövlüklə özünü yaradıcılığa həsr edir. Bu illər onun yaradıcılığının ən məhsuldar dövrü olur. Övladları olmadığından 1897-ci ildə ikinci dəfə Teyyubə adlı xanımla ailə qurur. Onların Məhəmməd, Çingiz, Böyükxanım və Şəfqət adlı dörd övladı dünyaya gəlir.

 

Həsənəli xan 1924-ci ildə ağır xəstələnir və iflic olur. İki-üç il müalicə olunur. Sağalandan sonra yenə də ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərir. Azərbaycan Xalq Maarif Komissarlığı Şuşa Maarif şöbəsi tərəfindən ona maaş təyin edilir. Qarabağ şairləri haqqında material toplamaq və Bakıya göndərmək ona tapşırılır. O, bu işin öhdəsindən layiqincə gəlir.

 

Ömrünü maarif və mədəniyyətin inkişafına həsr edən Həsənəli xan Qaradaği 2 dekabr 1929-cu ildə, 81 yaşında Şuşada vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.6.