Bölgələrdəki mədəniyyət
müəssisələrindən xəbərlər
Xaçmaz
Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi
kitabxanası Uşaq şöbəsinin oxu zalında pandemiya
şəraitinə uyğun olaraq ara məsafə
saxlanılmaqla şairlərimizin Vətən haqqında
şeirlərinin yer aldığı “Azərbaycan – dünyam
mənim” kitabından bədii nümunələrin ucadan oxusu
keçirilib.
Uşaq
şöbəsinin müdiri Rübabə Hacıbəyova Azərbaycanın
qədim tarixi, zəngin mədəniyyəti barədə
söz açıb. Sonra fəal oxuculardan Xanım Sultanova “Azərbaycan
- dünyam mənim”, Mehrac Sultanov “Vətən”, Yusif Məmmədov
“Ayağa dur, Azərbaycan!”, Məhəmməd Əliyev “Gərək
bu günləri görəydin” şeirlərini söyləyiblər.
Regional
idarənin tabeliyindəki Quba rayon Mərkəzi
kitabxanasının oxu zalında Bəşir Səfəroğlu
adına Mədəniyyət Mərkəzi ilə birgə “Gəncə
terroru” adlı tədbir keçirilib. Qəhrəman şəhidlərimizin
və erməni terroru qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
MKS-nin
direktoru Saməddin Nəsirov bildirib ki, işğalçı
Ermənistan silahlı qüvvələri beynəlxalq
hüquq normalarını, 1949-cu il Cenevrə
Konvensiyasının silahlı münaqişələr
zamanı dinc insanların hədəfə
alınmasının yolverilməzliyi barədə müddəalarını
barbarcasına pozaraq, Azərbaycanın yaşayış məntəqələrini
atəşə tuturlar.
Mədəniyyət
mərkəzinin direktoru, İctimai TV-nin bölgə
müxbiri Ramiz Ramazanlı qeyd edib ki, dünya birliyi ermənilərin
müharibə cinayətlərinə göz yumur, dövlət
səviyyəsində həyata keçirilən bu terrora birmənalı
mövqe göstərmir.
***
Ağdaş
Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi
kitabxanasının oxu zalında pandemiya şəraitinə
uyğun olaraq “Qarabağ Azərbaycandır! Zəfər
bizimdir!” adlı dəyirmi masa keçirilib.
Ağdaş
rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev qeyd edib ki, tale Azərbaycan
xalqının qismətinə mənfur erməni təcavüzkarları
ilə qonşu olmağı nəsib edib. 30 ilə
yaxındır düşmən tapdağında qalan doğma
torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin
başçılığı ilə müzəffər
Ordumuz tərəfindən kənd-kənd, şəhər-şəhər
azad edilir.
MKS-nin direktor müavini Sevgili İbrahimova Azərbaycan əsgərinə həsr olunmuş “Salam, əsgər” şeirini söyləyib. Tədbirin sonunda “Qarabağ Azərbaycandır!” adlı sərgiyə baxış keçirilib.
***
Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən cəbhədə döyüşən qəhrəman hərbçilərimizə sovqat göndərilir, könüllü surətdə cəbhəyə yola düşmüş mədəniyyət işçilərinin ailəsi idarənin rəhbərliyi tərəfindən ziyarət edilir, onlara maddi yardım göstərilir. Bu məqsədlə hazırda döyüşlərdə iştirak edən əsgərlər – İbrahim Məmmədli, Mirəziz Hüseynov və digərlərinin Cəlilabad rayonunda yaşayan valideynləri ziyarət edilib. Valideynlərlə görüşdə idarə rəhbərliyi ilə yanaşı, Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları da iştirak ediblər. Mədəniyyət işçiləri Masallı rayonunun Ərkivan qəsəbə sakini, döyüşlərdə ağır yaralanmış Daməd İbrahimlini ziyarət edib, sağlamlığı və qayğıları ilə maraqlanıblar.
Ziyarətlər zamanı mədəniyyət işçiləri valideynləri dəyanətli olmağa səsləyib, qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində Ordumuzun zəfər qazanacağına, tezliklə övladlarına qovuşacaqlarına əmin olduqlarını ifadə ediblər.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.4.