Doyulmaz OBRAZ

 

Təkrarsız taktları, rəsmi-işgüzar faktları, həyati-insani “surət”ləri ilə birgə…

 

Ərz edim ki, bu real – yəni qeyri-bədii, ədəbi (amma əbədi!) OBRAZ haqda bundan irəliki yazılarımın sərlövhələri də bir az məcaz-frazemli olub. Onlardan “Melodiya-Adam”ı “qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-Yeni – Tofiq Quliyev”, “Bənzərsiz bəndə”ni (bir dostumun poetik heyrətinə istinadən) “Tanrı sənsən, bəndə mən, Nə görmüşəm səndə mən!”, “Tofiq Quliyev notları”nı – “ən qaraqabaqların belə xoş ovqatları” qoşularıyla vermişəm...

 

Ancaq, amma, lakin... bunların heç biri (bir zərb-məsəlimizə “müdaxilə”ylə demiş olsam) ürəyimdəki fanatlıq tikanını çıxarammayıb.

 

 

 

Bəs...

 

 

 

“hər ləhzə yoxdan varolan sözün gözünə nə qatıb ərz edəsən ki, nəğmələri səslənirkən qəlblərə bir ləhzə sa...kit...lik-sa...mit...lik... verməyən bu fenomenin muzobrazına adekvat olsun?...

 

 

 

Bəli...

 

 

 

Sənətə gəlişi Ü.Hacıbəyli klassikalı, A.Zeynallı ultralı dövrə təsadüf etmiş bu bəstəkar Azərbaycan musiqisinin o çox məhsuldar (və bolşevizm çağrılarına rəğmən çoxaxınlı) çağlarında “hamı kimi”liyə uğramayıb. Əksinə, öz duyğu-uyğu tonallığı, diatonik major-minor orijinallığı ilə seçilib, tezliklə adı azman isimlər sırasında çəkilib, musiqiləri ölkənin bütün fonoteka-filmoteka-“teatroteka”larında (və xalq “könülo-qəlboteka”larında)  yer alıb.

 

Bu ifadə-ibarələr ardınca bu “hərcür-hərtür” (“hərdürr”) ritmli bəstəkarın “Qaytağı”-“Sevgi valsı”-“Gənclik rəqsi” tezliklərində qısa (və ənənəvi) bir

 

 

 

“Məqalə”çilik...

 

 

 

1917-ci il noyabrın 7-də Bakıda (mühəndis-iqtisadçı Ələkbər Quliyevlə H.Z.Tağıyevin Qızlar gimnaziyasını bitirmiş Yaxşıxanım Mahmudovanın ailəsində) doğulub.

 

Deyək ki, onun gənclik aləmi də sonralar dəstləyib-bəstələdiyi bir sıra ecazkar musiqilərini xatırladır. Belə ki, bəstəkarlığa 14 yaşında - 1929-da Konservatoriya nəzdindəki fortepiano sinfində təhsil alırkən yazdığı (A.Zeynallının tövsiyəsi ilə) “Dərsə gedən bir uşaq” mahnısı ilə başlayıb. Konservatoriyada eyni zamanda iki fakültədə - fortepianodirijorluq sahələri üzrə təhsil zamanı polifoniya, harmoniya, xalq musiqisimuğam özəlliklərini öyrənib. Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqisi nümunələrinin toplanıb-notlaşdırılması işlərində (Bülbülün rəhbərliyilə) fəal iştirak edib. Ü.Hacıbəylinin təşəbbüsü ilə   P.Çaykovski adına Moskva Konservatoriyasına təhsilə göndərilən gənc istedadlar içərisində seçilərək Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərib. 1939-da Bakıya qayıdaraq, Niyazi ilə birgə Azərbaycan Dövlət Estrada Orkestrini yaradıb. Dövri mətbuatda klassikxalq musiqi sənətilə bahəm, bu yeni janr haqda analitik-populyar məqalələrlə çıxış edib. 1941-də yaratdığı (402-ci diviziya tərkibində fəaliyyət göstərən) “Qırmızı ordu” ansamblı üçün mahnılar, marşlar yazıb. Qələbədən dərhal sonra hərb-zərb mundirindən “təğyiri-libas” olaraq, rübabını həmişəyaşar nəğmələr, kantatalar üstə kökləyib.

 

1951-də aspirantura bitirib, məşhur akademik A.Qaukun rəhbərliyilə dissertasiya müdafiə edib elmi ad alsa da, sənət onu var səsilə səsləyirmiş...

 

Elə həmin vaxtlardan paytaxt teatrlarının tamaşalarına (30-dan çox) bəstələrə başlayıb. Musiqi sənətinin əksər janrlarında yaratdığı şedevrlərin fövqündə isə, əlbəttə, dillər əzbəri, könüllər cövhəri olan mahnıları! Onlardan: “Sənə də qalmaz”, “Gecələr uzun”, “Neftçilər mahnısı”, “Azərbaycan”, “Bakı”, “Sevgilim”, “Sən mənimsən, mən sənin”, “Axşam görüşlərində”, “Bəxtəvər oldum”... Burdaca qeyd edək ki, onun operetta və filmlərə  yazdığı nəğmələr də ayrıca mahnı kimi dillərə düşüb.

 

Ancaq bu... (belə demək mümkünsə) “muzkinematoqraf”ın ekran musiqiləri haqda sözü bu ötərilikdə xitamlamaq heç insafdan deyil. Həm də –

 

 

 

Bunlar

 

 

 

bitib-tükənməyən bir serial!

 

Əfəndilər, səksən üç il yaşamış bu sənətkarın adı yetmiş üç filmə düşüb! Onların hamısı haqda nəinki danışmaq, heç adlarını sadalamaq belə bir yazı üçün mümkünsüz. Amma hələ qeyri-məşhur yaşında (23-ündə) ovaxtlarçün məşhur “Səbuhi”nin musiqisini yazmış bu bəstəkarın, heç olmasa, yetmişdən yeddisini sadalayım: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Qayınana”. bu filmlərdəki vizual fraqmentlərin emosional təsirini birə-beş artıran musiqi parçalarından birini - “Bəxtiyar”da ecazkar R.Behbudov vokallığı ilə paralelləşən möhtəşəm muzvariasiyaları, “xalalar”ın “əndirəbadi” duetlərindəki arxeo-neo taktları, tutma balerin-balerinanın “korafəhim” pianoçunun partitura yanılmasına “tabe” məqamındakı ironik musiqi bəzək-düzəyini, dəniz neftçilərinin “la-la, la-la-la!” nidalarını xatırlayaq...

 

Bəs, ekranlara çıxdığı vaxtdan əsas obrazı “ikinci ana” qismində sevilən “Ögey ana”?! Bu sual-nidalı təəccübümün “açması”na həmin filarmonik filmin musiqi müəllifinin “dil” hikmətindən başlamaq istəyirəm. Musiqisini yazdığı filmlərdən birindəki məşhur xitab olmasın, - “Ögey ana”nı həmin musiqi fraqmentlərsiz (xüsusən, mahnılarsız) təsəvvür edənləri bağışlamaq olarmı?!

 

Hə, o musiqi parçaları İsmayılın ürəkparçalayıcı “ana, anacan!” fəryadlarından da yanıqlı, təsirli çıxmırmı? Bu musiqi dili ssenari dilinin səs adekvatı, səda paraleli deyilmi? Əvvəlki ömür fəsillərini qış qaş-qabağıyla yaşamış İsmayıl bir yaz günü üzü bahar İsmayıl... O yetimin dərdini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini qazanmaqçün özünü oda-közə vuran ögey anadan daha çox aça bilən ən məharətli vasitə orada sədalanan Musiqi deyilmi? Bəli… o meşədə üzü bizə tərəf irəliləyərkən əlindəki dirijor çubuğuvari ağac budağının sehrilə səslənən ilahi taktlar, o təbiət-filarmoniyadaQuuş-lar, quş-lar, qəşəng o-xu-yur!” sözlərinə qüvvət kimi gurlayan not-“bəh-bəh!”lər!...

 

Bir az da, bütün melodiyaları xalqa qəlb kimi yaxın olan bu sənətkarın həyati-insani notlarından soraq verən

 

 

 

Xatirələrdən...

 

 

 

Qızı Lalə Quliyeva:

 

Atamın ad gününü ildə üç kərə qeyd edərdik. Pasportunda doğum günü noyabrın 7-si yazılmışdı, nənəmsə deyirdi, mən onu noyabrın 5-də gətirmişəm dünyaya. Pasport tarixçəsinə əsaslananlar təbrikə noyabrın 7-də, qohumlarımız 5-də, “çaş-başqalanlar isə (“bir gün gec-bir gün tezzarafatlarıyla) 6-da yığışardılar bizə. Hərdən anam deyərdi, “ay başuva dolanım, noolub, xəbərdi, insan bu dünyaya bir kərə gələr, dəə”.

 

Evimizdəki telefonların hər ikisi susmazdı. Yaponiyadan hədiyyə vazamız məktub-teleqramlarla qalaqlanardı.

 

Atam ata-anasının ilki olub dünyaya gələndə çox çətin bir qərar verməli olublar; bu yeganələrini (əlbəttə, hələlik) illərlə övlad həsrəti çəkən böyük əmimizə veriblər”.

 

14 yaşına çatanda (artıq, üç qardaş-iki bacılı) Tofiqinbir sözü iki edilməyənəmisigildə məktəbə həvəs göstərmədiyini eşidən atası onu öz evinə aparmaq məcburiyyətində qalır.

 

Tofiq birdən-birə dəyişilir, sinifdə öz fitri istedadı, gözəl ifası, improvizə bəstələrilə ətrafını heyran qoyur. Həyatında çox ciddi rolu olmuş böyük Üzeyir bəy onunümumsimasında gələcəyin təkrarsız sənətkarı” görür.

 

Niyazi ilə birlikdə yaratdığı orkestrə musiqiçilər yığanda  Bülbülün ən yaxşı tələbəsi, sonralar caz ansamblının birinci solisti (lakin çoxlarının uzaq qaçdığıxalq düşməni”nin qızı) Dilarə Bağırbəyova ilə o vaxt tanış olur. Sənət yolunda başlanan tanışlıq sevgiyə çevrilir, evlənirlər atam o ailəyə arxa-dayaq olur.

 

Düz on il Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışdı, amma evdə saatlarıyaşadı. Problemi olan hər kəsi səbirlə dinləyər, bacardığı köməyi əsirgəməzdi. Yaxın dostu Qara Qarayev yazırdı: “Tofiq adamlara qayğı-rəğbətilə musiqiləri qədər xeyirxahlıq edir”.

 

Yaradıcılıqla tam məşğul olmağa vaxtı qalmırdı; iclaslar, toplantılar, daimi müraciətlər... Amma heç vaxt gileylənməzdi, fəal həyatı çox sevirdi.   

 

Müharibədə itkin düşmüş qardaşı Adilin dərdini ömrü boyu yaşadı. Əmoğlularımdan birinin adını Adil, gənc yaşında vəfat etmiş (yeganə qızı, atamın musiqisini yazdığıÖgey ana”da çəkilən Cəmiləni 8 yaşında yetim qoyan) rəhmətlik bacımın adını Adilə qoydu...”

 

Oğlu Eldar Quliyevin söhbəti çalışdığı sahənin bir titri qədər:

 

Mənə sual veriləndə ki, gözəl kino-musiqi nümunələri yaratmış atanızınsəsisizin filmlərinizdən üçün gəlmir, onun öz sözlərini xatırladıram: “Özünə yaxşı bir bəstəkar tap, işlə”.

 

Vasif Adıgözəlov:

 

Çoxsahəli sənət dünyamızda sayğı-mövqeyinə görə mədəniyyət ağsaqqalı sayılanlar oqədər çox deyil. Tofiq Quliyev məhz belə sənətkarlardandır. Mənim xəyalımca, mədəniyyətimizdə T.Quliyev qədərhərtərəflisənətkar yoxdur. Misalçün, o, bəstəkarlarımız içində ən gözəl pianoçu idi. Yaxud, bir söhbətimizdəSiz niyə dirijorluq da etmirsizsualıma cavabında: “Edərdim, özü yaxşı məktəb keçmişəm. Amma Niyazinin qarşısında dirijorluq etmək günahdır!” - dedi...”.

 

Bu xatirələri iki dahinin deyimlərilə yekunlaşdırım. Rus bəstəkar Solovyov-Sedoy: “Yoldaş jurnalist, məndən soruşursuz ki, “Tofiq Quliyev mənimçün  kimdir”, ? TofiqmənimMoskva axşamları”mı özBakı - əziz şəhərşedevrinin kölgəsində qoymuş bir gəncdir, dahi bakılıdır!”. Rəşid Behbudov: “Neçə illərdir Azərbaycanın, xüsusən Bakının mədəniyyət-musiqi nəbzi Tofiq Quliyev ritmi ilə döyünür!”

 

Bir sənət-səbətlik

 

 

 

Öz xatirə-xatırlamalarımdan...

 

 

 

Sağ ikən əyani-real bir xoş ovqat ünvanı idiTofiq Quliyev. Böyük tədbirlərdə, irili-xırdalı məclislərdə ayrıca bir canlıguşə”, alayıca birşöbə”, əndazəli ciddiliyilə qadağa-yasaq, xoş təbəssümü iləyaşıl işıqsaçan nüfuzi bir ovqat, ayna bir dünya idi. 

 

Notlarının çoxdan çoxu major hiss-duyğular saçan, hər sayaq minor-nostaljidən uzaq olan bu Melodiya-Adamın oturuş-duruşundan, sir(r)-sifət, söz-söhbət, təhər-tövründən musiqi dalğalanırdı...

 

Deməzsizmi, onun bircə notunu eşitcək, hər kəs deyəcək; Tofiq Quliyev!

 

Elə ki gördün ən usta pianist-fortepianist taktları yığıb-yığışdıra bilmir, - deməli, Tofiq Quliyev!

 

Əsərlərinin çalımında piano-fortepianoların şirmayı dilləri sürməyi ağızlarına sığmaz ki! İnstrumental-sentimental rəqsləri zamanı klarnetlərin, saksofonların klapanlarışalakovurmaqdan bir hovur dincəlməzlər, ha!

 

Budu haa; gah leysan, gah tufan, gah lirik meh, gah şıdırğı yağış, sentimental yağmur!...

 

Heyf ki, bunları yazıda səsləndirmək, bunlara qələm-dirijorluq etmək olmur...

 

Tək elə zümzümələmək yox, bu çox aydın sənətkarın apaydın musiqiləri içərisində bəzi şıdırğı nümunələri layiqincə qavrayıb mənimsəmək müşkül! Bəlkə... dahiyanə düşünülmüş mətləb-mənalarçün elə o sayaq-səviyyəli qavrayış gərək...

 

Zövqləri cənnətə, qəlbləri riqqətə, sümükləri oynağa səsləyən bu bəstəkar rübabında melo-“atəş”lərdən hürküşmədən düzümlənən uçar-qaçar səfləri - bülbüllər solist, ceyranlar marafonist...

 

Taktlarında melo-“qamçı”lardan cıdırlanan ilxılar, forte nişan-namçılardan yurtalanıb-çadırlanan, tərəkəməliyi tərk edib xalqlaşan, mədəniyyətlənib-millətləşən tayfalar - Qıratlı türkzatlar öndə!...

 

 

 

Nəysə...

 

 

 

... adamın könlünə çox incə mətləblər pıçıldayan bu zər, bu zərif nəğmələr haqda nə desən, nə yazsan da, ünvanın yarı-parasını belə ifadə edəsi deyil.

 

Elə lap cavanlığından formaca Qədimə, ömrün son an-akkordunda isə məzmunca ən Müasirə, ən Yeniyə oxşayan Kişi...

 

Daha nə?

 

Qurtaran deyil. Bu canlı partitura-məmləkətdə belə olay-mənzərələrin sayı hesabsız, sanbalı çox, sonu yox... 

 

Sadəcə, düz iyirmi il bundan öncə susub getmiş cismi əbədi olaraq dahi sələfləri dünyasında, ismi daimi olaraq zirvəsinə çatmaq istəyən xələfləri aləmində...

 

Və... yeri behiştlik bir şairimizin “Əbədiyə qəh-qəh çəkər əbədi dünya” deyiminə çox da bənd olmayaq; bu əbədi dünyanın əbədi “bəh-bəh” möhürlüləri də olub, olacaq...

 

Öz mahnılarının birində “Gedər bir gün bu gözəllik, sənə də qalmaz” deyilsə də...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.6.