Leyla Bədirbəylinin 100 illiyinə həsr olunan videoçarx

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi kitabxanasında görkəmli aktrisa, Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin (1920-1999) anadan olmasının 100 illiyi münasibətilə videoçarx hazırlanıb.

 

Kitabxanadan bildirilib ki, Metodikabiblioqrafiya şöbəsi tərəfindən “Yubileylər silsiləsi” layihəsi üzrə hazırlanan videoçarxda aktrisanın yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, Leyla Bədirbəyli fitri istedada malik səhnə xadimi kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

 

Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanıb, 1940-cı illərdən etibarən, eyni zamanda ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.

 

29 dekabr 2019-cu ildə Azərbaycan Prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Görkəmli səhnə ustasının yubileyinə həsr edilmiş videoçarxı “YouTube” kanalında izləmək mümkündür.

 

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.4.