Xalça xalqın tarixi barədə zəngin informasiya mənbəyidir

 

 

Cənubi Qafqaza köçürülənə qədər ermənilərin xalça toxumaq haqqında təsəvvürləri olmayıb

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə heyətinin sədri, professor Vidadi Muradov dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən xalça şirkətlərinə, beynəlxalq mədəniyyət təşkilatlarına və nüfuzlu kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

 

Müraciətdə ermənilərin Azərbaycan xalçalarını saxtalaşdırmaq cəhdləri, işğal olunmuş ərazilərimizdəki maddi mədəniyyət nümunələrini, o cümlədən xalçalarımızı talan etməsi, bu günlərdə Tərtərdəki xalça emalatxanasının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalması barədə ətraflı məlumat verilir.

 

Müraciətdə qeyd olunur ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında xalqımıza məxsus tarixi abidələri dağıtmaqla yanaşı, bir çox milli mədəniyyət nümunələrimizə, o cümlədən xalçalarımıza sahib çıxmağa çalışırlar: “Bəyan edirik ki, xalçaçılıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir, bizim milli sənət nümunəmizdir. Azərbaycan xalçaçılıq məktəbinin 9 qrupundan biri olan Qarabağ xalça qrupuna Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə və Zəngilanda toxunmuş xalçalar, xalça məmulatları daxildir”.

 

Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan xalçaçılığının tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Qarabağda toxunan bütün xalçalar üzərində türkçülüyü əks etdirən Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Cavanşir, Qaraqoyunlulars. kimi onlarla türk tayfalarının rəmzi olan elementlərə, damğalara rast gəlinir.

 

Tarixi saxtalaşdıran, keçmişi yalandan, riyakarlıqdan ibarət olan ermənilərin Qarabağ xalçalarını özününküləşdirmək cəhdi daha bir məkrli planın tərkib hissəsidir. Xalça elə nadir sənət nümunələrindəndir ki, keçmiş tarix, toxunduğu bölgənin o xalqa mənsubluğu barədə zəngin informasiya mənbəyidir. Onların xalçalarımızı erməniləşdirməkdə əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əslində isə əsrlər boyu burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir”, - deyə müraciətdə vurğulanır.

 

Müraciətdə daha sonra deyilir: “Bütün dünya bilməlidir ki, ermənilər xalça toxumağı Azərbaycan türklərindən öyrəniblər. Onların Cənubi Qafqaza köçürülənə qədər xalça toxumaq haqqında təsəvvürləri olmayıb və özlərinə məxsus heç bir xalça çeşnisiyoxdur. Əgər xalçaçılıq ermənilərin iddia etdikləri kimi onların qədim sənətkarlıq sahəsidirsə, o zaman Azərbaycan ərazilərinə köçürülərkən özləri ilə niyə bir xalça nümunəsi gətirməyiblər? Yaxud niyə həm sovet dövrünə qədər, həm də sovet dövründə Qarabağda toxucularının əksəriyyəti erməni olan xalça fabrikləri fəaliyyət göstərməyib? Qarabağda ermənilərin kompakt halda məskunlaşdırılma tarixi XIX əsrin ortalarından başlayırsa, onlar XVIII əsrin sonlarında artıq bütün ana kompozisiyalarının formalaşdığı, texniki standartlarının təkmilləşdiyi Azərbaycan, o cümlədən Qarabağ xalçaçılığına necə iddia edə bilərlər? Onlar uzun illərdir, bu haqlı suallara cavab tapa bilmir, uydurma fantaziyaları ilə dünya ictimaiyyətini aldadırlar. Ermənilərin öz sənət nümunələri kimi təqdim etdikləri Qarabağ xalçaları Azərbaycan xalqının təfəkkürünün məhsuludur”.

 

Qeyd olunur ki, xalçaçılığın xalqımızın qədim sənət növü olduğunu nəzərə alan Azərbaycan dövləti ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb. Hazırda “Azərxalça” ASC-nin 21 filialından 3-ü Qarabağda, 1-i isə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə fəaliyyət göstərir. Həmin xalça fabriklərində yüzlərlə qarabağlı qadın qədim çeşnilər əsasında Qarabağ xalçaları toxuyur.

 

“Hiddətlə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini atəşə tutması nəticəsində ciddi ziyan dəyən mülki infrastruktur obyektlərindən biri də Tərtər şəhərindəki xalça fabrikidir. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır, mədəni sərvətləri məhv etməyə çalışır. Dünya xalçaçıları bu vandalizmə öz etirazını bildirməli, terrorçu Ermənistanın qeyri-insani hərəkətlərini qınamalıdır”, – deyə müraciətdə vurğulanır.

 

Mədəniyyət.- 2020.-  11 noyabr.- S.5.