“Qarabağı qarış-qarış tanıyaq” layihəsi davam edir

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 30 ilə yaxın həsrəti ilə yaşadığımız torpaqlarımızın işğaldan azad olunduğu bir dövrdə “Qarabağı qarış-qarış tanıyaq” layihəsini uğurla davam etdirir.

 

Layihənin məqsədi Qarabağın tarixi, ərazisi, təbiətinin nadir gözəllikləri, incəsənət nümunələri, mədəniyyət xadimləri, muğamı, qədim adət ənənələri, milli-mənəvi dəyərlərinə aid olan xalçaçılıq, atçılıq, ipəkçilik, zərgərlik sənətləri haqqında geniş məlumat verməkdir. Qısa müddət ərzində layihə çərçivəsində “Kəlbəcər”, “Füsünkar Şuşa”, “Xarı bülbül” adlı videoçarxlar, “Qarabağ atları” və s. kimi virtual fotosərgilər hazırlanıb.

 

Videomateriallar təkcə Azərbaycan dilində yox, xarici dillərdə təqdim olunur. Xarı bülbüladlı videoçarx kitabxana əməkdaşları tərəfindən ingilis dilində hazırlanıb. Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrində yerləşdirdiyi vətənpərvərlik mövzusunda materiallar çoxsaylı izləyici toplayır.

 

Hazırlanan videomateriallara Respublika Gənclər Kitabxanasının “İnstagram” səhifəsində baxmaq olar.

 

Mədəniyyət.- 2020.- 18 noyabr.- S.6.