UNESCO Azərbaycanın mədəni irsinin bərpasına dəstək verməyə hazırdır

 

 

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESCO-nu Baş direktoru Odre Azule ilə görüşüb.

 

Görüşdə A.Qocayev Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun mülki əhalini və obyektləri qorumaq məqsədilə əks-hücum əməliyyatına başlaması, qısa müddətdə Qarabağın bir hissəsini işğalçılardan azad edilməsi haqqında məlumat verib. Bildirib ki, noyabrın 10-da əldə olunan üçtərəfli bəyanata ( Azərbaycan, Ermənistan, Rusiya) əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana təhvil verəcək, məcburi köçkünlər doğma evlərinə qayıdacaqlar.

 

Görüşdə diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərdə təşkil olunan ilkin monitorinqə görə, təqribən 30 illik erməni işğalı nəticəsində mədəni və tarixi abidələr, kilsələr, türbələr, tarixi binalar, muzeylər tamamilə dağıdılıb, mədəni irs nümunələri, əlyazmalar və artefaktlar talan edilərək Ermənistana daşınıb. Ermənilərin məscidlərdən tövlə kimi istifadə etməsi təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının dini inanclarına qarşı təxribat olduğu xüsusi vurğulanıb.

 

Həmçinin qeyd edilib ki, ermənilər bununla kifayətlənməyərək, noyabrın 10-da imzalanmış sənədə əsasən tərk etməli olduğu ərazilərdəki evləri, meşələri yandırır, ağacları kəsir, kilsələrdəki kitab və əlyazmaları, dini əşya və atributları Ermənistana daşıyırlar. Bu faktların “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması üzrə” 1954-cü il Konvensiyasına və “Mədəni dəyərlərin qeyri-qanuni mənimsənilməsinin qadağan edilməsinə dair” 1970-ci il Konvensiyasına zidd olduğu UNESCO Baş direktorunun diqqətinə çatdırılıb.

 

Odre Azuleyə həmçinin müharibədə məğlub olan Ermənistan tərəfinin indi başqa sahələrdə, xüsusən də guya ermənilərə məxsus kilsələrin dağıdılması barədə çirkin kampaniyaya başlaması barədə də məlumat verilib. Bunun tamamilə yalan olduğu bildirilərək vurğulanıb ki, əksinə, Azərbaycan dövləti tezliklə Ermənistan tərəfindən dağıdılmış mədəni irsinin bərpasına başlayacaq.

 

Ətraflı məlumata görə təşəkkür edən O.Azule UNESCO-nu siyasiləşdirmək cəhdlərinin qəti əleyhinə çıxdığını, mədəni irs abidələrinin dağdılmasının yolverilməz olduğunu bildirib. Baş direktor Azərbaycanın mədəni irsinin bərpası üçün UNESCO-nun dəstək verməyə hazır olduğunu qeyd edib.

 

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.8.