Respublika Gənclər Kitabxanası beynəlxalq foruma qatılıb

 

 

II Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi internet forumda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası da təmsil olunub.

 

“Qələbənin şifrəsi birlikdir” adlı internet forumun məqsədi müharibədə iştirak etmiş qəhrəmanların göstərdikləri misilsiz şücaət və igidliyini yaddaşlara həkk etmək və bugünkü nəsillər üçün daim örnək olaraq qalmasını təmin etməkdir.

 

Respublika Gənclər Kitabxanası foruma Azərbaycanın Xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı videomaterial və müəllifin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr etdiyiGeneral” romanı haqqında hazırlanan esse ilə qatılıb.

 

İnternet forum üçün materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək layihənin əsas şərtlərindən biri olub. Bununla əlaqədar olaraq Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin fəal oxucuları təqdimatın hazırlanmasına cəlb edilib. Qeyd edək ki, foruma göndərilən materiallar Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər.

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.4.