Sənə güvənirik, Azərbaycan əsgəri!

 

Torpaq şəhid qanı ilə birləşəndə Vətən olur. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.

 

Bu gün yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdən biridir. Təhsil ocaqlarında təlim-tədris planının əsas strategiyası həm də şagird və tələbələrdə Vətən sevgisi, Vətən uğrunda mübarizə aparmağın əhəmiyyətini aşılamaq olmalıdır. Musiqi və incəsənət məktəblərində musiqi ədəbiyyatı fənnində Azərbaycan bəstəkarlarının vətənpərvərlik ruhlu əsərlərinin mütəmadi şagirdlərə öyrədilməsi, təsviri incəsənət fənnində vətənsevərlik mövzusunda rəsm əsərlərinin işlənilməsi və s. kimi vasitələrdən istifadə edilə bilər.

 

Bu məqsədlə sentyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin bir qrup müəllim və şagirdi II Fəxri xiyabanda uyuyan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, həmçinin Fərid Əhmədov, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət ediblər. Qəhrəman vətən övladlarının məzarları üzərinə əklillər və çiçək dəstələri qoyulub, əziz xatirələri yad olunub.

 

Məktəbin direktoru Adilə Yusifova Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolu barədə məlumat verib. Sonra şagirdlər qəhrəman şəhidlər haqqında fikirlərini bölüşüblər. Çıxışlarda ordumuzun zəfər çalacağına inam ifadə olunub.

 

A.MANAFOVA

musiqişünas

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.4.