Silahlı Qüvvələrə Yardım Fonduna ianələr

 

 

Bu günlər bütün Azərbaycan cəmiyyəti şanlı Ordumuza dəstək aksiyalarına səfərbər olub. Müxtəlif qurumlar, təşkilatlar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir. Bu aksiyalarda mədəniyyət müəssisələri də fəal iştirak edir.

 

Heydər Əliyev Sarayının kollektivinin könüllü iştirakı ilə ölkəmizin ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın düşməndən azad olunmağı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5110 manat vəsait köçürülüb.

 

Heydər Əliyev Sarayının kollektivi Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun qısa zamanda torpaqlarımızı işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyi xəbərini eşidəcəklərinə əmindir və qəhrəman hərbçilərimizə bu şərəfli yolda uğurlar arzulayır.

 

Allah Ali Baş Komandanımızı və Ordumuzu qorusun!

 

***

 

Bu gün kiçikdən-böyüyə hər bir azərbaycanlının qəlbi vətən eşqi ilə döyünür. Döyüşlər zamanı Azərbaycan şanlı Ordusunun ard-arda qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır. Yaxın günlərdə xalq qəhrəman oğulları ilə birgə əzəli torpaqlarımıza müzəffər yürüş edəcəyinə qəti şəkildə əmindir.

 

Bu fikirləri diqqətə çatdıran Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları rəşadətli Ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 6000 manat vəsait köçürüblər.

 

Muzeyin əməkdaşları Ali Baş Komandanayeni tarix yazan Azərbaycan oğullarına qələbəyə gedən yolda şanlı zəfər arzulayır.

 

***

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 13 min 627 manat məbləğində pul vəsaiti ianə ediblər. Kollektiv – sıravi işçisindən tutmuş Xalq artistlərinə qədər hamı bu təşəbbüsdə iştirak etmək üçün teatrın rəhbərliyinə müraciət edərək, əmək haqlarının müəyyən bir hissəsinin Fonda köçürülməsini istəyiblər.

 

Teatrın əməkdaşları “Qarabağ bizimdir, bizim olacaq!”, “Haqq yolumuzda qələbə bizimdir!”, “Əsas Ordumuzun ruh yüksəkliyidir, o da zirvələrdədir!” fikirlərini səsləndiriblər, Vətən müharibəsində şanlı Ordumuza ürəkdən inandıqlarını bildiriblər.

 

***

 

Yuğ Dövlət Teatrının kollektivi də cəbhədə baş verən hadisələri diqqətlə izləyir, qələbə müjdəsi gözləyir. Teatrın kollektivi Azərbaycan Ordusuna dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 2 min manat məbləğində ianə edib.

 

***

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi vətənimizin bütövlüyü, suverenliyi uğrunda döyüşən Ordumuzla fəxr edir. İgid əsgərlərimizə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna muzeyin əməkdaşlarının könüllü iştirakı ilə ianə edilib.

 

***

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivibu günlər tarix yazan Ordumuza dəstək olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat məbləğində vəsait köçürüb.

 

 

Mədəniyyət.- 2020.-9 oktyabr.- S.4.