Mədəniyyət-informasiya cəbhəsi də mübariz ruh tələb edir

 

 

Bu gün xalqımız öz tarixinin şanlı səhifələrini yaşayır. Biz azərbaycanlılar, neçə illər boyu davam edən ağrılı, iztirablı, faciəli hadisələrdən, ağır itkilərdən sonra öz doğma torpaqlarımızı qaytarırıq, bizim gözəl Vətənimizin, suveren və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edirik!

 

Bu sözlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kollektivi adından Azərbaycan xalqına müraciətdə vurğulanır.

 

Müraciətdə qeyd olunur ki, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı müharibə ədalətli müharibədir. Bu, Vətən müharibəsidir, Azərbaycanın ərazisində aparılır və erməni təcavüzçüləri tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarının qaytarılması məqsədini daşıyır.

 

“Şanlı ordumuz bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini və qüvvətini nümayiş etdirir. Doğma torpaqlarımızın bəzi əraziləri erməni işğalçılarından təmizlənib. Bu, həqiqətən bayramdır, bu, göz yaşardan qələbədir. Xüsusilə bizim üçün, musiqi ictimaiyyətinin nümayəndələri üçün. Bizim bir çoxumuz bəhrəli Qarabağ torpağının yetirmələriyik. 30 ilə yaxındır ki, biz əcdadlarımızın dəfn olunduğu yerlərə gedib, onların xatirəsini ana bilmirik, biz doğma torpağımızdan uzaq, sözün əsl mənasında, musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşadan uzaqdayıq. Şuşada Xurşudbanu Natəvanın, Səməd bəy Mehmandarovun, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev-muzeyləri yerləşirdi. Şuşa bizim əcdadlarımızın şəhəri olub, nə qədər xoş xatirələrimizlə bağlıdır. Şuşa həm bizim kədərimiz, həm də bizim ağrımızdır...

 

Biz ürəkdən inanırıq ki, ədalət zəfər çalacaq, qələbə bayrağı Üzeyir bəyin qəhrəmani musiqisinin sədaları altında Şuşada dalğalanacaq. Biz Şuşaya onun möhtəşəm musiqiçilərini və ifaçılıq məktəbini qaytaracağıq. Biz bu müqəddəs torpaqda yaşayacaq, yaradacaq, əsərlər bəstələyəcək, ifa edəcək, gələcək nəsillərimizi yetişdirəcək, onun Azərbaycan musiqi istedadlarının “beşiyiolduğunu bir daha sübut edəcək, bu haqqını bərpa edəcəyik.

 

Böyük Qələbə gününü yaxınlaşdırmaq üçün əlimizdən gələni etmək bizim hər birimizin borcudur!” – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sözləri bu gün bizim Vətənimizin bütün vətəndaşlarına ünvanlanıb. Bizim hər birimiz öz qüvvəsi daxilində mübarizə aparmalıdır – axı mədəniyyət-informasiya cəbhəsi də mübariz ruhmüvafiq hazırlıq tələb edir”, – deyə müraciətdə bildirilir.

 

Müraciətdə vurğulanır ki, musiqi mədəniyyəti və incəsənət xadimləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının ölkəmizin doğma torpaqlarını qaytarmaq əzmini dəstəkləyir və salamlayırıq. Öz tərəfimizdən informasiya cəbhəsindəki mübarizədə iştirak etməyi müqəddəs vəzifəmiz bilirik, həmçinin biz bütün dünyaya Ermənistanın işğalçılıq siyasəti, vəhşicəsinə dağıdılmış evlər, öldürülmüş dinc əhali, məhv olunmuş mədəniyyət abidələri haqqında məlumatı çatdırmağı özümüzə borc bilirik. Bizim işimiz haqdır və qələbə bizim olacaq!

 

Müraciəti BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və professor-müəllim heyəti imzalayıb.

 

 

Mədəniyyət.- 2020.-9 oktyabr.- S.4.