Bütün kəndləri yenidən quracağıq, köçkünlərimizi evlərinə qaytaracağıq”

 

 

Biz sülhsevər xalqıq, lakin biz öz ləyaqətimizi tapdalamağa imkan verməyəcəyik”

 

Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur.

 

Prezident İlham Əliyev bunu Rusiyanın RBK telekanalına müsahibəsində bildirib.

 

Dağıdılmış şəhər və kəndlərin bərpa ediləcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy, erməni tərəfi fikirləşsin. O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

 

Prezident vurğulayıb ki,  Azərbaycan bütün bunların müqabilində Ermənistan  rəhbərliyini cəzalandırmalı idi və belə də oldu: “Baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb edir? Onların “Dağlıq Qarabağ respublikası”nı tanımasını tələb edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir”.

 

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, - onlardan biri 2 il bundan əvvəl paraflanıb, - orada deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

 

“Dağlıq Qarabağ respublikası”nın tanınmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

 

Azərbaycan Prezidenti müsahibədə onu da diqqətə çatdırıb ki, Rusiya mediasında ölkəmizə qarşı informasiya hücumu ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurur. Bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı anti-Azərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır”, – deyə dövlət başçısı bildirib.

 

Prezident qeyd edib ki, bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırıb: “O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər”.

 

Rusiya ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin planlaşdırıldığını qeyd edən İlham Əliyev deyib: “Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək”.

 

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.2.