Azərbaycan bu savaşda həm haqlı, həm də güclüdür

 

 

Çünki öz torpaqlarını işğaldan azad edir

 

Qəhrəman hərbçilərimizin Vətən torpaqlarını qarış-qarış azad edərkən Azərbaycan rəhbərliyi tərəfindən diplomatik cəbhədə və informasiya müstəvisində də misli görünməmiş aktiv fəaliyyət nümayiş etdirilir. Prezident İlham Əliyev bu günlər xarici televiziya kanallarına müsahibələri ilə Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.

 

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdirfikrini dəfələrlə beynəlxalq kürsülərdən bütün dünyaya bəyan edən dövlət başçısı Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək.

 

Sentyabrın 27-də Ermənistanın növbəti təcavüzkar əməlinə və hərbi təxribatına qarşı Azərbaycan Ordusunun düşmənə hərbi müstəvidə sarsıdıcı zərbələr endirməsi və Azərbaycanın bu savaşda həm haqlı, həm də güclü olduğu dövlət başçısı tərəfindən bu günlər müxtəlif ölkələrin auditoriyalarına çatdırılır.

 

Hərbi əməliyyatların ikinci günü, sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən Azərbaycan Prezidenti cəbhə bölgəsindəki real vəziyyət barədə ciddi faktları və əsaslandırılmış informasiyaları, konkret mesajları Rusiya, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistanın baş nazirinin verilişdəki çıxışı isə ənənəvi feyk xarakterli, cəfəng məlumatlar əsasında quruldu.

 

Bunun davamı olaraq Azərbaycan Prezidentinin son günlər ərzində “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Globalteleviziya kanallarına verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının müsahibələri informasiya müharibəsində Azərbaycanın ədalətli mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində olduqca önəmlidir.

 

Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Eyni zamanda Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırır.

 

Bu baxımdan bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artıraraq tarixi ədalətin zəfər çalacağını şərtləndirir.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.2.