Uğursuzluğa düçar olan düşmən dinc əhalini hədəfə alır

 

Azərbaycan Ordusunun sarsıdıcı əks-hücumları qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələri saysız-hesabsız itkilərinin qarşılığında mülki vətəndaşlarımızı hədəfə almaqda davam edir. Moskvada imzalanan humanitar atəşkəs haqqında razılaşmanın oktyabrın 10-u saat 12:00-da qüvvəyə minməsinə baxmayaraq, beynəlxalq öhdəlikləri saya salmayan Ermənistan öz vandalizm mahiyyətini yenə göstərməkdədir. 

 

Düşmən Füzuli rayonunun işğal altında olmayan yaşayış məntəqələrinə yenidən ağır artilleriya zərbələri endirib. Atəşə məruz qalan kəndlərdən biriQarabağ kəndidir. Kəndə düşən mərmilər nəticəsində sakinlərdən bir neçə nəfər xəsarət alıb. Bundan başqa, evlər dağılıb, təsərrüfatlara ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

 

***

 

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Mingəçevir və Ağcabədi rayonlarını da müntəzəm atəşə tutur. Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri intensiv ağır artilleriya atəşinə məruz qalıb. Top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub. Hər iki kənddə evlər və təsərrüfatlar ciddi ziyan görüb.

 

Oktyabrın 11-də Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi də ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura böyük ziyan dəyib.

 

Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksinə də düşmənin artilleriya atəşi nəticəsində böyük ziyan vurulub. Yaşayış kompleksində olan 34 yaşayış binasından 29-u, eləcə də uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, qazanxana, həkim məntəqəsi, musiqi məktəbi, orta məktəb yararsız hala düşüb.

 

İşğalçı ordunun oktyabrın 12-də Tərtər rayonunun Kəngərli kəndini artilleriya atəşinə tutması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu yaralanıb.

 

Oktyabrın 13-də humanitar atəşkəs rejimini kobudcasına pozan düşmən qüvvələri Ağcabədi rayonunun ərazisini atəşə tutub.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.4.