Azərbaycan-Türkiyə media platformasında səylər birləşdirilir

 

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun arasında telefon danışığı olub.

 

Bu barədə Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

 

Bu gün əziz dostum Fəxrəddin Altun mənə zəng etdi. Ölkələrimizə qarşı qara təbliğata - dezinformasiyaya qarşı birgə fəaliyyətimizi yenidən nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür”, - deyə H.Hacıyev qeyd edib.

 

Xatırladaq ki, Azərbaycan-Türkiyə media platformasının yaradılması barədə razılıq bu ilin sentyabrında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri zamanı əldə edilib.

 

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S.3.