“Almaların sirri

 

Türkiyə-Azərbaycan teatrı ilk tamaşasını uşaqlara həsr edib

 

İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Vizyon Teatrı yeni mövsümün ilk tamaşasını təqdim edib. Fuad Kazımovun ssenarisi əsasında hazırlanan tamaşanın rejissoru Kəmalə Kamal, xoreoqrafı Şəlalə Coşqun Tuna, musiqikostyum tərtibatçısı Lətafət Rafiqqızı, meneceri Elşad Haqverdidir.

 

“Almaların sirri” adlı mövsümün ilk tamaşasının uşaqlara həsr olunduğuna diqqətçəkən rejissor Kəmalə Kamal deyib: “Biz bu tamaşanı uşaqlar sevinsin, gülsün deyə hazırladıq. Lakin Gəncədə baş verən hadisələr və orada uşaqların qətlə yetirilməsi körpələrin gülüş səslərini kəsməyə yönəldi. İşğalçı ermənilər bizim uşaqlarımızın sevincini, gülüşünü onların əllərindən almaq istəyirlər. Hər bir azərbaycanlı kimi biz buna yol verməyəcəyik. Uşaqlarımızın gülüş səsləri daha da ucadan eşidiləcək. Cəbhədən aldığımız xəbərlər isə göz yaşlarımızda kədərlə sevinc hissini bir-birinə qatdı. 30 il erməni işğalı altında olan əzəli Azərbaycan torpağı, hamımızın canının bir parçası Qarabağımız geri qayıdır. Hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu, Qarabağ uğrunda şəhid olan qardaşlarımızın qisasını almaqla yanaşı, bütün bu illər boyu gözü yolda qalan neçə-neçə ana və bacıların ürəyinə su səpir.

 

Biz bu tamaşamızı dünya uşaqlarına, azərbaycanlı balalarımıza həsr edirik. Qoy hər bir kəs bilsin ki, uşaqların gülüş səslərini kəsə bilməyəcək”.

 

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.8.