Qorxaq düşmən dinc əhalini hədəfə alır

 

Müzəffər Azərbaycan Ordusu humanitar atəşkəsi pozan düşmənə sarsıdıcı zərbələr endirir, əzəli yurd yerlərimizi bir-bir işğaldan azad edir. Ermənistan silahlı qüvvələri öz faşist prinsiplərinə sadiq qalaraq yaşayış məntəqələrimizi atəşə tutmaqla dinc əhalini hədəfə alır, mülki infrastrukturu dağıdır.

 

Ermənistan silahlı qüvvələri hərb meydanındakı itkilərinin qısasını ikinci böyük şəhərimiz Gəncəyə ballistik raket zərbələri ilə almağa çalışır, bununla da öz çarəsizliyini göstərmiş olur. Düşmənin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncə şəhərini yenidən ballistik raket atəşinə tutması nəticəsində 13 dinc sakin həlak olub, 52 nəfər yaralanıb. Həlak olanların 3-ü azyaşlı, 4-ü qadındır. Yaralıların isə 5-i azyaşlı, 20-si qadındır.

 

Xain təxribat nəticəsində yaşayış evləri tamamilə dağılıb, ətraf ərazidəki mülki infrastruktura ciddi ziyan dəyib.

 

***

 

Oktyabrın 18-də düşmənin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq evə külli miqdarda ziyan dəyib.

 

Bundan başqa, oktyabrın 19-da səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonu da raket və ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun yaşadığı evə isə ciddi ziyan dəyib.

 

***

 

Mənfur düşmən Ağdam və Tərtər rayonları ərazisində qəbiristanlıqları atəşə tutub. Nəticədə bir çox məzar daşları dağılıb və ya zədələnib.

 

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisini intensiv atəşə məruz qoyur.

 

Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ciddi ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin atılması nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

 

Tərtərin Qapanlı kənd tam orta məktəbi də düşmənin hədəfində olub. Məktəb binasının üstünə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsi dağılıb.

 

Ağdam rayonunun Qaradağlı kəndi düşmənin ən çox hədəfə aldığı yaşayış məntəqələrindəndir. Kənd oktyabrın 18-də axşam saatlarında ermənilərin artilleriya atəşinə məruz qalıb. Atılan mərmilərdən biri kənd sakini Mehman Ağaməmmədova məxsus evin həyətinə düşüb. Mərmi evə və meyvə ağaclarına ziyan vurub, həyətdə olan ev quşları tələf olub.

 

Mehman Ağaməmmədov deyib: “Bu, həyətimizə düşən üçüncü mərmidir. 2016-cı ilin Aprel döyüşləri zamanı da düşmənin atdığı mərmilərdən biri evimin yaxınlığında partlayaraq xeyli ziyan vurmuşdu. Bir neçə gün əvvəl və ötən axşam da həyətimizə iki mərmi düşdü. Düşmənin bu təxribatları bizi qorxutmur, ruhdan salmır. Ali Baş Komandana, Ordumuza böyük güvənimiz, qələbəyə inamımız var. Əminik ki, tezliklə çoxdan gözlədiyimiz qələbə sevincini yaşayacağıq”.

 

Oktyabrın 20-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutulub. Saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisi düşməsi nəticəsində sakinlərdən - 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaşayış evinə külli miqdarda ziyan dəyib.

 

***

 

Münaqişənin miqyasını məqsədli şəkildə genişləndirməyə çalışan məkrli düşmən Azərbaycanın işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Dinc əhaliyə və mülki obyektlərə zərər dəyməyib.

 

***

 

Oktyabrın 18-də düşmən tərəfindən cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna da raket atılıb. Raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən havada zərərsizləşdirilib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd “S-300” raketinin partlamış qalıqlarını aşkarlayıblar.

 

N.MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.4.