Elazığdan Azərbaycan qəhrəmanlarına şanlı salam

   

Türkiyənin Elazığ bölgəsində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.

 

Oktyabrın 27-də Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” aksiyasına start verilib. Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə edirlər.

 

Aksiya Elazığda fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyininyerli bələdiyyənin dəstəyi ilə gerçəkləşir.

 

Qeyd edək ki, Elazığ Azərbaycanın istiqlal şairi Almas İldırımın əbədiyyətə qovuşduğu yerdir. Almas İldırım istiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilmiş, 1933-cü ildə oradan İrana, sonra isə Türkiyəyə mühacirət etmişdi. Elazığ torpağını özünə ikinci vətən seçən şair 1952-ci ildə burada vəfat edib.

 

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.3.