Gəncədə həlak olanların xatirəsi Moldovada anılıb

Azərbaycanın Moldovadakı səfirliyində Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində həlak olan insanların xatirəsinə həsr edilmiş anım tədbiri təşkil edilib. Tədbirə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı, moldovalı, habelə etnik rus və ukraynalı vətəndaşlar da qatılıb.

Səfir Qüdsü Osmanov Ermənistanın humanitar atəşkəs rejimini pozaraq oktyabrın 11-də və 17-də gecə saatlarında Gəncə şəhərini raket hücumuna məruz qoyması, nəticədə körpə, qadın və yaşlılar daxil olmaqla çoxlu sayda insan tələfatı ilə nəticələnən müharibə cinayətinin törədilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Q.Osmanov Moldova sakinlərinin bu günlərdə səfirliyə göndərdiyi dəstək məktublarına görə təşəkkürünü bildirib.

Moldova parlamentinin deputatı Sergiu Sirbuya Azərbaycanın bu münaqişədə haqlı mövqeyindən danışıb, dinc əhaliyə qarşı Gəncədə törədilən təcavüzün qəbuledilməz olduğunu, Moldovanın da ərazi bütövlüyü ilə bağlı mübarizə apardığını, bununla bağlı ölkələrimizin oxşar tarix yaşadıqlarını bildirib. Deputat münaqişənin tezliklə Azərbaycanın sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsinə ümidvar olduğunu deyib.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov, moldovalı tarixçisiyasi şərhçi Ruslan Şevçenko çıxış edərək Moldovanın da oxşar münaqişəni yaşadığı və Azərbaycanın rəhbərliyi tərəfindən atılan beynəlxalq hüquqa əsaslanan addımların bu ölkə üçün də nümunə olacağını bildiriblər.

Moldovadakı azərbaycanlı icmanın fəalları Azərbaycan, rus və rumın dillərində ölkəmizin həqiqətlərini diqqətə çatdırıblar. Tədbir Moldova mətbuatında işıqlandırılıb.

Mədəniyyət  2020.- 30 oktyabr.- S.8.