4 yaşlı inklüziv teatr

 

 

Ölkəmizdə ilk inklüziv teatr olan ƏSA teatrı 4 yaşını qeyd edir. Əlilliyi olanolmayan aktyorlardan ibarət teatr 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. Ötən 4 il ərzində uğurlara imza atan kollektiv dünya və Azərbaycan ədəbiyyatının sevilən əsərlərini tamaşaçılara təqdim edib.

 

Bu müddətdə V.Şekspirin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin əsərləri əsasında 7 tamaşa və 3 performans təqdim edən ƏSA teatrı, səhnə ilə kifayətlənməyərək, əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar da hazırlayıb. Həmçinin, Azərbaycan bölgələrini gəzməyi qarşısına məqsəd qoyan teatr Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

 

Bu ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimində ƏSA teatrı mövsümü virtual təqdimatlarla davam etdirib. Bu nümayişlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Hazırda kollektiv Antuan de Sent-EkzüperininBalaca şahzadə” əsəri əsasında eyniadlı tamaşa üzərində çalışır. Həmçinin yeni mövsümdə tamaşaçılara onlayn şəkildə layihələr təqdim olunacaq.

 

ƏSA teatrında 20-dən çox istedadlı aktyor fəaliyyət göstərir. Kollektivin 4-cü ad günündə ən böyük arzusu qarşıdakı mövsümdə özünün binasının olmasıdır.

 

Mədəniyyət.- 2020.- 4 sentyabr.- S.3.