“Mollanəsrəddinçilik və milli ideya

 

Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədlinin “Mollanəsrəddinçilik və milli ideya” monoqrafiyası işıq üzü görüb.

 

Alim azərbaycançılıq ideologiyasının önəmli tarixi qaynaqlarından sayılan mollanəsrəddinçilik məfkurəsinin tədqiqi ilə bağlı növbəti əsərini bu təlimin ideya rəhbəri və cəfakeşi, böyük ədib və mütəfəkkir Cəlil Məmmədquluzadənin 150 və yetirməsi olduğu BDU-nun 100 illiyinə həsr edib.

 

Müəllif, eyni zamanda yeni tədqiqatını universitetin başqa bir məzunu, Cəlil Məmmədquluzadə şəxsiyyətinə və mollanəsrəddinçilik məfkurəsinə dərin sədaqətlə uzun illər Naxçıvan mətbuatında çalışmış və nüfuzlu qələm sahibi kimi tanınmış, ilk ustadı olan atası Məhərrəm Allahverdioğlunun ruhu qarşısında hesabat olaraq ərsəyə gətirib.

 

Dərs vəsaiti kimi təqdim olunan kitabda Azərbaycan ədəbiyyatının və jurnalistikasının inkişafında, milli özünüdərkdə tarixi rolu olanMolla Nəsrəddin” ədəbi məktəbinin məfkurəvi fəaliyyəti azərbaycançılıq təliminin təşəkkülü müstəvisində geniş öyrənilib. Monoqrafiyada XX əsrin əvvəllərində istiqlal mübarizəsi ətrafında cəmləşmiş milli ədəbi qüvvələrin yaradıcılığında aparıcı yön təşkil edən Vətənə, xalqa, ana dilinə sevgi, onların mədəni tərəqqi, ictimai azadlıq və müstəqillik uğrunda mübarizəsi mövzuları əhatəli təhlil edilib.

 

Dərs vəsaitində ədəbiyyatşünaslığa, jurnalistika tarixi və nəzəriyyəsinə dair tədqiqat əsərlərində, filologiyajurnalistika üzrə təhsilin müvafiq proqramlarında istifadə üçün zəngin məlumat verir. Elmi redaktorları akademik İsa Həbibbəyli və professor Cahangir Məmmədli, rəyçisi professor Asif Rüstəmli olan tədqiqat xüsusi kurs kimi də tədris edilə bilər.

 

Milli mətbuatımızın nüfuzlu tədqiqatçılarından olan Əməkdar jurnalist A.Məmmədli bu silsilədən altı kitabın müəllifidir.

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.6.