Musiqi bayramında müəllim və şagirdlərə ikiqat sevinc

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı oldu.  Mədəniyyət Nazirliyi tərəfindən təmir edilən məktəbin öz qapılarını Milli Musiqi Günündə açması kollektiv tərəfindən böyük sevinclə qarşılandı.

 

Mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov öncə məktəbin fəaliyyəti, aparılmış təmir işləri haqqında məlumatların yer aldığı, habelə milli musiqi alətlərimizin nümayiş olunduğu stendlərlə tanış oldu. Anar Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırdı və kollektivi təbrik etdi.

 

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildi və məktəbin sinif otaqlarına baxış keçirildi.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri barədə Mədəniyyət nazirinin birinci müavininə məlumat verdi.

 

Bildirildi ki, musiqi məktəbi 1961-ci ildən fəaliyyət  göstərir və o vaxtdan Yasamal rayonu, Hüseyn Cavid prospekti, 4 ünvanında, yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 449 kvadratmetrdir. Məktəbdə 56 nəfərlik zal, 27 sinif otağı, 2 inzibati otaq var.

 

Fortepiano, violin, fleyta, truba, tar, kamança, qanun, qarmon, nağara, violonçel, gitara, vokal ifaçılığı ixtisaslarının tədris edildiyi məktəbin 126 nəfərdən ibarət müəllim heyəti və 500 nəfərlik şagird kontingenti var.

 

Qeyd olundu ki, Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin  yetirmələri respublika və beynəlxalq miqyaslı müsabiqələrdə çıxışları və qazandıqları uğurlarla müəllimlərin etimadını hər zaman doğruldublar.

 

Mərasimdə müəllim və şagirdlərin ifasında kiçik konsert proqramı təqdim edildi.

 

Anar Kərimov sinif otaqlarına baxdı, burada quraşdırılan müasir musiqi avadanlıqları ilə tanış oldu.

 

Sinif otaqlarında hər dərsə uyğun alətlərin, tədris üçün zəruri  ləvazimatın olması təqdir edildi.

 

Məktəbin foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənc nəslin musiqi təhsilinə göstərdiyi diqqət və qayğını əks etdirən fotostendlə də tanış olan Anar Kərimov ümummilli liderin mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin böyük hamisi olduğunu vurğuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün – 18 sentyabrın “Milli Musiqi Günükimi qeyd edilməsi ilə bağlı xüsusi fərman imzalayıb. Hər il xalqımız bu bayramı qeyd edir. Ümummilli liderin mədəniyyətimizə qayğıkeş münasibəti bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir.

 

Sonda Anar Kərimov bir daha məktəbin kollektivinə təbriklərini çatdırdı və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

LALƏ

 

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.5.