Milli mədəniyyətimiz köklü ənənələrinə görə Üzeyir Hacıbəyliyə minnətdardır

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi qeyd edilir. Budəfəki musiqi bayramında da Mədəniyyət Nazirliyinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər. Məzarüstü abidə önünə çələng və tər çiçək dəstələri qoyuldu.

 

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirdi ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin və onun yaxın dostu, sənət sirdaşı, bəstəkar və dirijor Müslüm Maqomayevin 135 illiyini qeyd edirik: Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, zəngin, çoxşaxəli yaradıcılığa malik böyük sənətkar olub. Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Qarabağda dünyaya gəlib, uşaqlığı qədim Şuşa şəhərində keçib. Qafqazın konservatoriyası adlanan Şuşa Üzeyir bəy üçün ilk məktəb olub. Sonralar o, Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib.

 

Anar Kərimov dedi ki, milli mədəniyyətimiz köklü ənənələrinə görə Üzeyir Hacıbəyliyə minnətdardır: O, əsl maarifpərvər, bir sıra dəyərli elmi əsərlərin müəllifidir. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində əsaslı dönüş yaratmış dahi bəstəkardır. O, əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Məhz onun rəhbərliyi altında Azərbaycanda milli bəstəkarlıq məktəbi yaranıb. Üzeyir bəyin mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Həmin tarixdən etibarən xalqımız bu musiqi bayramını qeyd edir. Bu, bir daha ulu öndərin mədəni irsimizə diqqət və qayğısının bariz nümunəsidir.

 

Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı da göz qabağındadır. Məhz bunun sayəsində bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın tanınmış musiqiçiləri qatılıb: Təəssüflər olsun ki, bu il pandemiyaya görə bu festivalı keçirmək mümkün olmadı. Buna baxmayaraq, festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik.

 

Anar Kərimov çıxışının sonunda Milli Musiqi Günü münasibətilə bütün musiqisevərlərə təbriklərini çatdırdı.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəyli fəxri medalının təsis edildiyini vurğuladı: Onun birinci nüsxəsi Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Biz də Bəstəkarlar İttifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqilərini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq. Nə qədər ki, Azərbaycan var, Üzeyir Hacıbəylinin musiqisi səslənəcək və biz ona sevə-sevə qulaq asacağıq.

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də dahi bəstəkarın ömür və sənət yolu haqqında fikirlərini bölüşdülər.

 

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasından Şəbi-hicran xorunun lent yazısı səsləndirildi.

 

Sonda mərasim iştirakçıları Fəxri xiyabanda musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş sənətkarların məzarlarını da ziyarət etdilər. Məzarüstü abidələr önünə gül dəstələri düzüldü.

 

NURƏDDİN

 

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.3.