Azərbaycanla Portuqaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

 

Mədəni irsin qorunması, iki ölkə gəncləri üçün mübadilə proqramları barədə danışılıb

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov sentyabrın 23-də Portuqaliya Respublikasının Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paula Leal da Silvanı səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

 

Görüşdə Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulu Murad Rəhimov və səfirliyin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Mario Tiago Paixao da iştirak edib.

 

Xanım Paula Leal da Silva əvvəlcə səmimi qəbula görə Anar Kərimova təşəkkür edib, çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb.

 

Görüş zamanı ölkəmizin mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıq, portuqal dilinin Azərbaycanda təbliği ilə bağlı layihələrin reallaşdırılması, sosial media vasitəsilə portuqaliyalı və azərbaycanlı gənclər arasında mübadilə proqramlarının həyata keçirilməsi  və digər məsələlər barədə müzakirələr aparılıb.

 

Sonda Anar Kərimov Azərbaycanla Portuqaliya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Paula Leal da Silva 2017-ci ildə Portuqaliyanın ölkəmizdə səfiri kimi fəaliyyətə başlamışdı.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.3.